Rəcəb Fərəczadə: “Məni narahat edən 3 oyunçumuzun zədəli olmasıdır” - MÜSAHİBƏ

Müsahibə
4 Sentyabr 2024 11:45
480
Rəcəb Fərəczadə: “Məni narahat edən 3 oyunçumuzun zədəli olmasıdır” - MÜSAHİBƏ

Minifutbol üzrə Çempionlar Liqasında çıxış edəcək “AzNur” klubunun baş məşqçisi Rəcəb Fərəczadənin İdman.biz saytına müsahibəsi

- Çempionlar Liqasına hazırlıqlarınız neçə keçdi?

- Hazırlığa bir aydır start vermişik. Fiziki və taktiki məşqlər keçirdik. “Birbaşa Bakı” komandası ilə 2 yoxlama görüşümüz oldu. Çempionlar Liqasında çıxacağımız meydanlar biz oynadıqlarımızdan bir az böyükdür. Bu səbəbdən də yodaşlıq matçlarını ASK Arenanın böyük meydanında keçirdik. Bəzi zəif nöqtələrimizi aşkar etdik. Onun üzərində işləmişik və inanıram ki, 1-ci oyunu qələbə ilə başa vuracağıq.

- Çempionlar Liqasında C qrupunda “Andezit” (Ukrayna), “Qalport” (Polşa) və “Les Piopio” (Fransa) klublarına qarşı mübarizə aparacaqsınız. Rəqibləri təhlil etmisiz?

- Rəqiblərimizin 3-ü də çox güclüı komandadır. Onların içində bir qədər Fransanın “Les Piopio” klubu geri qalır. Hər bir halda çempionlar Liqasıdır. Burda zəif komanda olmur. Sabah fransızlara qarşı keçirəcəyimiz oyundan çox şey asılı olacaq. Əsas odur ki, starta qələbə ilə başlayaq.

- Qrupdan çıxmaq şanslarınız nə qədərdir?

- Qrupdan çıxmaq üçün şanslarımız var. Əsas odur, yaratdığımız qol epizodlarından istifadə edək. Belə epizodlar 100 faiz olacaq. Bizim futbolçular individual olaraq yaxşıdırlar. Müdafiədə və qapıda diqqətli olmalıyıq. Komanda şəklində yaxşı müdafiə olunmalıyıq. Elə olsa, inşallah 1-ci matçda qələbə qazanacağıq və ardından digər görüşlər haqqında düşünəcəyik.

- Bəs hədəfiniz nə olacaq?

- İlk hədəfimiz qrupdan çıxmaqdır. Sonra da nə qədər qabağa getsək, o qədər yaxşıdır.

- Heyətlə bağlı problemlər və ya yeniliklər nədən ibarətdir?

- Məni narahat edən məqam 3 oyunçumuzun zədəli olmasıdır. Elvin, Tural və Əzizin durumu sabah bilinəcək. Hər üçü əsas oyunçularımızdandırlar. Onların 100 faiz hazır olmasını istəyirəm. Əziz Hüseynov, Elməddin Hüseynzadə, təcrübəli qapıçı İlqar Abdulov, Elşən Veysəlov və Böyükağa Quliyevi heyətimizə qatmışıq.

Emin Ağa
İdman.biz