“Neftçi”nin futbolçusu: “Meydanda ən yaxşısını etməyə çalışacağıq”

Xəbərlər
4 Sentyabr 2024 14:24
115
“Neftçi”nin futbolçusu: “Meydanda ən yaxşısını etməyə çalışacağıq”

“Oyundan gözləntilərim böyükdür”.

Bunu İdman.bizə “Neftçi”nin futbolçusu Manə Mollayeva deyib.

O, bu gün UEFA Çempionlar Liqasının birinci mərhələsində Avstriyanın “Sankt-Pölten” komandasına qarşı keçirəcəkləri oyun barədə danışıb.

26 yaşlı müdafiəçinin sözlərinə görə, bu mərhələ onlar üçün vacibdir: “Avstriyanın “Sankt-Pölten” klubu qarşısında yaxşı oyun göstərmək niyyətindəyik. Komandamız ciddi hazırlaşır, taktiki cəhətdən düzgün oynayıb, rəqibin zəif cəhətlərindən istifadə edərək qalib gəlmək istəyirik. Həm müdafiədə, həm də hücumda balansı saxlamaq əsas məqsədimizdir. Qələbə qazanmaq üçün bütün gücümüzlə çalışacağıq”.

Mollayeva bildirib ki, hazırlıq prosesində həm fiziki, həm də taktiki baxımdan ciddi işlər görülüb: “Komandamızın hər bir üzvü oyuna tam hazırdır və qələbə üçün əzmlidir. Təbii ki, futbolda hər şey mümkündür və oyun zamanı hər bir detal önəmlidir. Amma göstərdiyimiz hazırlıq səviyyəsi və məşqçilərimizin taktiki planları bizə uğur qazanmaq üçün lazımi gücü verir. Əsas olan meydanda bu hazırlığı tam şəkildə reallaşdırmaqdır”.

Rəqibi analiz etmək üçün xeyli vaxtlarının olduğunu və “Sankt-Pölten”ni diqqətlə araşdırdıqlarını söyləyən müdafiəçi onların fiziki cəhətdən güclü və intizamlı olduqlarını vurğulayıb: “Xüsusilə, sürətli hücumlar və standart vəziyyətlərdə effektiv ola bilirlər. Müdafiədə yaxşı təşkilatlanıblar ki, bu da onları keçməyi çətinləşdirir. Buna görə də, biz oyunda diqqətli olmalı, rəqibin bu üstünlüklərini nəzərə alaraq, öz taktikamızı uyğunlaşdırmalıyıq. Rəqibin zəif cəhətlərini tapıb, onlardan istifadə etməklə oyunda üstünlük əldə etmək istəyirik. Hər zaman olduğu kimi, meydanda ən yaxşısını etməyə çalışacağıq”.

Qeyd edək ki, Gürcüstanın Tsxaltubo şəhərində baş tutacaq qarşılaşma bu gün Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Banuçiçək Hüseynli
İdman.biz