Siyasət Əsgərov: “Əlimizdən gələni edəcəyik”

Xəbərlər
5 Sentyabr 2024 13:56
104
Siyasət Əsgərov: “Əlimizdən gələni edəcəyik”

“Sankt-Pölten” yüksək keyfiyyətlərə malik futbolçulardan ibarət güclü komandadır”.

Bunu İdman.bizə açıqlamasında qadın futbolçulardan ibarət “Neftçi”nin baş məşqçisi Siyasət Əsgərov deyib.

O, UEFA Çempionlar Liqasının birinci mərhələsində Avstriyanın “Sankt-Pölten” komandasına 5:0 hesabla məğlub olduqları oyunu şərh edib.
Mütəxəssis bildirib ki, Avstriya təmsilçisi ötən mövsüm Çempionlar Liqasında qrup mərhələsinə yüksəlmişdi: “Buna görə də bizim üçün çətin olacağını bilirdik. Üstəlik, belə mötəbər turnirdə ilk oyunumuz idi. İlklər həmişə çətin olur. Matça yaxşı başlamışdıq, amma ard-arda buraxdığımız səhvlərdən gələn qollar oyunumuza pis təsir etdi. Düzdür, məğlub olduq, amma bu matç futbolçularımız üçün çox yaxşı təcrübə oldu”.

O, növbəti rəqibi olan Gürcüstanın “Lançxuti” klubu ilə keçirəcəkləri oyunla bağlı da danışıb: “Bu matçda qalib gəlib komandamıza, ölkəmizə reytinq xalları qazandırmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Neftçi” “Lançxuti” ilə sentyabrın 7-də qarşılaşacaq.

Banuçiçək Hüseynli
İdman.biz