Arif Əsədov: “Millinin oyununda izimin olacağını demək çətindir”

Xəbərlər
5 Sentyabr 2024 15:10
657
Arif Əsədov: “Millinin oyununda izimin olacağını demək çətindir”

“Millimizə, yeni məşqçilər heyətinə uğurlar arzulayıram. Çətin qrupa düşmüşük. Hər bir rəqib ilə görüşmüşük və hər biri üzərində qələbəmiz var. Bu baxımdan bugünki matç İsveç üçün revanş xarakteri daşıya bilər. Onlar oyuna mütləq qələbə üçün çıxacaqlar”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov Millətlər Liqasının I turunda yığmamızın İsveçə qarşı oyununu şərh edərkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, yığmamıza inanır: “Millimizin uğur qazanmağını istəyirəm. Məşqçi də yenidir. Onun ilk oyunda uğur əldə etməsi futbolçularda da inam yaradar. Mən məşqçi olarkən İsveçə qalib gəlmişdik. Bu, futboldur. Bu, yenə də baş verə bilər. Millimiz bunu hiss edib qalib gəlibsə, yenə də bacarar. Rəqibin ustalıq səviyyəsi üstün ola bilər, amma burda əsas məsələ yığmamızın necə motivasiya olacağı, əzimkarlıq göstərməyi və rəqibdən daha istəkli olmasıdır”.

Əsədov Fernandu Santuşun hansı oyun tərzinə üstünlük verəcəyi ilə bağlı da danışıb: “Milli komandanın içində olmadığım üçün onların hansı oyun tərzinə üstünlük verəcəyini deyə bilmərəm. Yığmaların toplanışı çox qısa müddətli olur. Hansısa oyun fəlsəfəsini yeritmək üçün hər zaman müəyyən vaxt tələb olunur. Ona görə Fernandu Santuşun komandanı hansı üslubda oynadacağını deyə bilmirəm. Millinin oyununda mənim izimin olacağını demək çətindir. Son 4 matçda çalışdım ki, yığmamız daha çox hücuma meylli oynasın. Rəqibə 1-ci zonada təzyiq etsin, geniş hücumlar qursun. Bu tərzdə oynadıq. Amma indi rəqibdən rəqibə fərq var. O baxımdan Santuş daha çox qarşı tərəfə baxıb qərar verəcək. İsveçdə də yeni məşqçi var. Ona uyğun bir oyun stilinin seçiləcəyini düşünürəm”.

Qeyd edək ki, Azərbaycan-İsveç qarşılaşması bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.

Emin Ağa
İdman.biz

Məqalədə: