“Bunun üçün çox çalışmışdıq”.
Bunu İdman.bizə “Birbaşa Bakı”nın futbolçusu Təmkin Xəlilzadə deyib.
O, Mini futbol üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Birbaşa Bakı” klubunun çempionluğunu şərh edib. Xəlilzadə bildirib ki, çempionata hazırlıq məqsədi ilə Bakıda durmadan məşqlər ediblər: “Qarşımıza məqsəd qoymuşduq ki, bu çempionatda ən azı finala kimi gəlməliyik. Bundan öncə iki il dalbada 1/4 finaldan o tərəfə gedə bilmirdik. Çox çətin bir yol oldu. Bu, zarafat deyil. Günə iki oyun oynayırdıq. Ümumilikdə 7 oyun keçirdik. Futbolçularımız zədə ilə, yorğunluqla xarakter göstərib bu işin öhtəsindən gəldilər. Nə elədiyimizi bir Allah, bir də biz bilirik. Hər şey çox çətin oldu. Sevinirik ki, əziyyətimiz yerdə qalmadı və bunun bəhrəsini gördük. Hazırda çox xoşbəxtik. Bakıya çempion olaraq qayıdırıq. Öz ölkəmizdə 3 ildir ki, çempionluğu təmin edirik, amma bu gün Avropada da sözümüzü deməyi bacardıq”.
Onun sözlərinə görə, çempionatda ən ağır mübarizə Rumıniya çempionu olan "Nova Vita"ya qarşı olub: “Həqiqətən yaxşı komanda idi. Ağıllı oynayıb məqşçimizin verdiyi tapşırıqları düzgün şəkildə yerinə yetirdik. Yarımfinalda isə Ukraynanın "FC Andezit" komandası bizə bir az başağırısı oldu. Hesabda geri düşdük. Amma ikinci hissədə gücümüzü toparlayıb hesabı bərabərləşdirdik. Finalda komanda olaraq, əl-ələ verib sonadək mübarizə apardıq. Əziyyətimizə dəydi. Çempionluğa layiq olduğumuzu düşünürəm”.
Qeyd edək ki, turnirin həlledici matçında "BKMK Brno" (Çexiya) ilə qarşılaşan təmsilçimiz rəqib üzərində 2:1 hesabla qələbə qazanaraq Çempionlar Liqasının qalibi olub.
Banuçiçək Hüseynli
İdman.biz