Bundesliqada ən ucuz biletin QİYMƏTİ

Xəbərlər
10 Sentyabr 2024 13:10
76
Bundesliqada ən ucuz biletin QİYMƏTİ

Bundesliqada 2024/25 mövsümünün ilk iki turunda stadionlara 694 340 azarkeş gəlib. Orta hesabla oyunlarda 38 574 tamaşaçı olub ki, bu da keçən mövsümdəki göstəricidən bir qədər azdır.

İdman.biz alman mənbələrinə istinadən xəbər verir ki, ötən mövsüm Bundesliqa on iki milyondan çox azarkeşi stadionlara cəlb edib.

306 oyunu orta hesabla 39 507 tamaşaçı izləyib ki, bu da əvvəlki mövsümdəki 42 993 tamaşaçı göstəricisi ilə müqayisədə əhəmiyyətli dərəcədə azalma deməkdir. Səbəb isə "Şalke" və "Herta" kimi böyük stadionları olan klubların "Darmştadt" və Haydenhaym" ilə əvəz olunmasıdır. Bu mövsüm də Almaniyanın ən məşhur arenalardan biri - Kölndəki "RheinEnergieStadion" Bundesliqada olmayacaq.

Oyunlar üçün biletlərin qiymətinə gəlincə, "Hoffenhaym"ın ev stadionu ən ucuz girişə malikdir: "PreZero Arena"da ayaq üstə durmaq üçün biletin qiyməti cəmi 14 avrodur. "Borussiya Dortmund" və "Ştutqart" azarkeşləri bu kateqoriyalı biletlər üçün 18,50 avro ödəməlidirlər. Digər klublar eyni statuslu biletləri 15-17 avroya təklif edirlər, amma ən maraqlı oyunlar üçün əlavə ödənişlər tələb oluna bilər.

"Hoffenhaym"da oturacaq yerlərə biletlər 18 avrodan başlayır ki, bu da Bundesliqada ən ucuz qiymət deməkdir, daha sonra 19 avro ilə "Borussiya Mönxenqladbax" gəlir. Azarkeşlər Münhenin “Allianz Arena”sında bu kateqoriyalı biletlərə görə 40 avro, debütant "Holşteyn Kiel"də isə 37 avro ödəməlidirlər. Bundesliqanın digər klublarının ev oyunlarına ən ucuz biletlər isə 21-35 avro arasında dəyişir.

Ən bahalı oturacaq yerlər "Ştutqart"dadır - 95 avro. Onları "Bayern" və "Hoffenhaym" (hər biri - 80 avro), "Borussiya Mönxenqladbax" (79 avro), "Ayntraxt Frankfurt" (77 avro), "Maynts 05" (76 avro), "Borussiya Dortmund" və "Verder Bremen" (hər biri - 75 avro) izləyir. "Haydenhaym" (43 avro) və "Union Berlin" (45 avro) klublarının ev oyunlarında ən bahalı biletlər digərləri ilə müqayisədə ən ucuzdur.

İdman.biz

Məqalədə: