Ağasəlim Mircavadov: “Yığmamızda çox böyük problemlər var”

Xəbərlər
11 Sentyabr 2024 11:32
1 362
Ağasəlim Mircavadov: “Yığmamızda çox böyük problemlər var”

“U-21 millisinin oyununu stadiondan izləyirdim”.

Bunu İdman.bizə AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

O, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Serbiyaya 2:0 hesabla məğlub olduğu oyunu şərh edib. Mircavadov bildirib ki, yığmamız dünənki matçda olduqca zəif çıxış edib: “Ümumilikdə yığmamızda çox böyük problemlər var. Oyunçuların əksəriyyəti klublardan gəlirlər. Serbiya ilə görüşə çıxan futbolçuların çoxu əsas heyətdə oynamırlar, əksəriyyəti I liqada və ya əvəzedici heyətdə çıxış edirlər. Bunu dərindən analiz etmək lazımdır. U-21 birinci yığmanın əvəzedicisidir. Amma bu, belə olmalı deyil. Əfsuslar olsun ki, uşaqlar öz üzərində işləmirlər. Futbolçularımız çoxlu qol vəziyyəti də yaratdılar. Amma 11 metrlik cərimə zərbəsini belə vura bilmədik. Bizdə qol vurmaq keyfiyyətinə malik oyunçu yox dərəcəsindədir. Əksər klublarda hücumçular, mərkəz müdafiəçiləri və yarımmüdafiəçilərin çoxu legionerdir. Bu da yığmaya mənfi təsir edir”.

Onun sözlərinə görə, bundan sonra U-21 yığmamızın iki oyunu qalıb: “Növbəti oyunlarımız İrlandiya və İngiltərə yığmaları ilə olacaq. Lakin hər şeyə ümid edirik. Mən U-21 yığmamızla birlikdə tez-tez oluram. Məşqçilər futbolçularla çox məşğul olurlar. Hətta onların klubları ilə əlaqə saxlayır, eyni zamanda fərdi danışırlar. Düşünürəm ki, futbolçu texniki və taktiki baxımdan zəif çıxış etsə də, bunun üzərində işləyib düzəltmək olar, amma içində o həvəs və sevgi yoxdursa, çətin məsələdir”.

Qeyd edək ki, Azərbaycan millisinin növbəti oyunu oktyabrın 12-si səfərdə İrlandiyaya qarşı olacaq.

Banuçiçək Hüseynli
İdman.biz