Bəxtiyar Həsənalızadə: “Çalışacam ki, milliyə yenidən çağırılım” – MÜSAHİBƏ

Müsahibə
19 Sentyabr 2024 12:10
335
Bəxtiyar Həsənalızadə: “Çalışacam ki, milliyə yenidən çağırılım” – MÜSAHİBƏ

“Araz-Naxçıvan”nın futbolçusu Bəxtiyar Həsənalızadənin İdman.biz saytına müsahibəsi

- Bir il Türkiyə karyerandan sonra ölkəmizə qayıtdın. “Araz-Naxçıvan”da çıxışını necə dəyərləndirirsən?

- “Araz-Naxçıvan”da çıxışımı normal dəyərləndirirəm. Tam olaraq qiymət vermək üçün hələ tezdir. Cəmi 6 oyun keçirmişəm. Qarşıdakı turlarda daha yaxşı olmağa çalışacağam.

- Yenidən Misli Premyer Liqasına alışmaq çətin olmadı?

- Türkiyədən qayıtdıqdan sonra heç bir çətinlik çəkmədim. Çünki öz vətənimə qayıtmışam. Bu komandaya gəlməmişdən əvvəl bir çox futbolçularla əvvəlcədən tanışlığım var idi. Ona görə də adaptasiyam rahat keçdi.

- “Tuzlaspor”da oynadığın zaman milliyə də dəvət aldın. Naxçıvan klubunda performansın səncə, yenidən yığmaya dəvət olunmağına yetəcək?

- Təbii ki, milliyə dəvət almaq əsas istəklərimdəndir. Komandadakı çıxışlarımı düzəltməyə çalışacam ki, milliyə yenidən çağırılım.

- Söhbəti Türkiyə ilə davam etdirək. Səncə, bizim futbolçularımızın ordakı çıxışı niyə uğursuz alınır?

- Mən deməzdim ki, uğursuz çıxış edirlər. Vüsal İsgəndərli “Boluspor”da oynayır. Hər halda yaxşı olmasaydı, saxlamazdılar. Coşqun Diniyev bir çox oyunda iştirak edib, milliyə çağırılıb. Bu il də digər yaxşı komanda olan “Bandırmaspor”a keçib. Ola bilsin, onların bəzi, ayrı-ayrı oyunları uğursuz alınsın. Amma ümumilikdə onların çıxışı uğursuz deyil.

- Son olaraq Misli Premyer Liqasında VII turunda “Turan-Tovuz” səfərinə yollanacaqsız. Bu matçdan gözləntiniz nədir?

-“Turan Tovuz” yaxşı komandadır. Onların nəticələri göz qabağındadır. Çətin oyun olacağını gözləyirik. Bütün gücümüzlə hazırlaşırıq ki, yaxşı nəticə qazanaq, azarkeşlərimizi sevindirək.

Emin Ağa
İdman.biz