Qurban Qurbanov: "Neftçi" öz əvvəlki nəticələrini geri qaytaracaq"

Xəbərlər
20 Sentyabr 2024 23:14
172
Qurban Qurbanov: "Neftçi" öz əvvəlki nəticələrini geri qaytaracaq"

"Vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayırdıq. "Neftçi"nin son nəticələrinə baxdıqda, bilirdik ki, çox ciddi hazırlaşacaqlar. Bunu meydanda hiss etdik".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının VII turunda "Neftçi" ilə oyunda qazanılan qələbəni şərh edib: "İlk hissədə üç qol vursaq da, fasiləyə yaxın daha çox hücumda olan tərəf idilər. İkinci yarıda riskə getdilər. Xeyli çətinliklər çəkdik. Nəticə çox vacib idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, çox mədəni formada yaxşı azarkeşlik oldu. "Neftçi"yə və Roman Qriqorçuka uğurlar arzu edirəm".

Qurban Qurbanov "Neftçi"nin çıxışına da toxunub: "Neftçi" rəqibimiz olsa da, özüm bu komandanın azarkeşi olmuşam. Orada oynamışam, baş məşqçi olmuşam. Bu nəticələr heç birimiz üçün xoş deyil. Səbirli olmaq lazımdır. Futboldur, hamımızın işində belə nəticələr ola bilər. Qaranti deyil ki, "Qarabağ" çempion olacaq. Heç bir komanda üçün belə uğursuzluq istəmərəm. Hər biri öz komandalarımızdır. Avrokuboklarda hamımız bir oluruq. Məncə, səbirlə, gözləmək lazımdır. Belə hallar olanda deyirəm ki, demək xeyir var. "Neftçi" böyük tarixə malik klubdur. Əvvəl-axır, sonda yenə öz əvvəlki nəticələrini geri qaytaracaq".

Qeyd edək ki, "Qarabağ" "Neftçi"nin qapısından 4 cavabsız top keçirib.

İdman.biz