“Tottenhem” və “Qarabağ” Premyer Liqada - STATİSTİKA

Xəbərlər
24 Sentyabr 2024 09:29
307
“Tottenhem” və “Qarabağ” Premyer Liqada - STATİSTİKA

Yeni formatlı Avropa Liqasının Liqa mərhələsində ilk turda üz-üzə gələcək “Tottenhem” və “Qarabağ” fərqli səviyyəyə malik Premyer Liqalarda fərqli nəticələrlə duelə yaxınlaşıblar.

İdman.biz London və Ağdam təmsilçilərinin ölkə çempionatlarında çıxışlarının statistikasını müqayisəli şəkildə diqqətə çatdırır.

İlk 5 turda “Tottenhem” 2 qələbə qazanıb, 1 heç-heçə edib, 2 dəfə məğlub olub və 9-5 top fərqi ilə 10-cu pillədə qərarlaşıb. “Qarabağ” isə 6 oyunun 5-də qalib gəlib, 1 dəfə uduzaraq 16-4 top fərqi ilə lider mövqeyindədir. Nəzərə almaq lazımdır ki, “Tottenhem”in uduzduqları “Arsenal”, “Nyukasl” kimi adlı-sanlı klublardır. Ancaq xal aldıqları da İngiltərə Premyer Liqasında hazırda ikinci “onluq”da olanlardır.

İngilislər bu mövsümdə öz oyunlarında 63,8 faiz topa sahib olduqları halda “Qarabağ”da bu rəqəm 66,4-dür.

Qurban Qurbanovun komandası hər oyuna orta hesabla 2,7, “Tottenhem” 1,8 qol vurub. Qapıya zərbələrdə ağdamlıların 18-in 17,2-yə üstünlüyü var.

Driblinqlərdə Azərbaycan təmsilçisi rəqibini 2 dəfəyə yaxın üstələyir. “Qarabağ” futbolçuları hər oyuna 17,7, “Tottenhem”lilər 9,6 driblinq edir.

Künc zərbələrini londonlular daha çox yerinə yetirirlər – orta hesabla 10,6. Komandamızda bu rəqəm 8-ə bərabərdir.

“Qarabağ” futbolçuları orta hesabla hər oyuna 495 ötürmə verirlər ki, bunların da 88 faizi dəqiq olur. İngilislərin 471 ötürməsindən 86,9 faizi uğurlu alınır. Uzun ötürmələrdə ağdamlıların üstünlüyü nəzərəçarpacaqdır. Futbolçularımızın orta hesabla 32,4 uzun ötürməsindən 71,4 faizi hədəfə çatır. Rəqibdə say 12,4, faiz göstəricisi isə cəmi 53-dür.

“Qarabağ” hər oyuna orta 0,67, “Tottenhem” 1 qol buraxır. Seyvlərdə rəqibin üstünlüyü cüzidir – 2,4-ün 2,2-yə.

Futbolçularımız hər oyuna orta 77 mübarizədən 40,7 faizindən qalib ayrılırlar, ingilislər 54,6-dan 50,6 faizindən. Hava mübarizəsində “Qarabağ” 12,2-dən 45,6 faizində, “Tottenhem” isə eyni saydan 52,6 faizində uğurlu olur.

Ağdamlılar hər oyuna orta 2,7 dəfə ofsayda düşür, londonlular 1,6 dəfə. Qayda pozuntusu ingilis klubunda 12, Azərbaycan komandasında 11,7-dir.

Vüqar Məmmədov
İdman.biz