Futbolun yaradıcıları ilə 7-ci duel

Xəbərlər
24 Sentyabr 2024 12:05
243
Futbolun yaradıcıları ilə 7-ci duel

Bu həftə Avropa Liqasının Liqa mərhələsi start götürəcək.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” yeni formatlı turnirdəki ilk matçını İngiltərədə keçirəcək.

Futbolun vətənində baş tutacaq qarşılaşmada rəqib “Tottenhem” olacaq. Londondakı görüş Azərbaycan klublarının futbolun yaradıcıları ilə avrokuboklardakı 7-ci dueli olacaq.

Riçardın qolu ilə başlayan mübarizə

İki ölkə təmsilçilərinin ilk dueli 2015/16 mövsümünə təsadüf edib. Avropa Liqasının qrupunda indiki rəqiblər – “Qarabağ”la “Tottenhem”in yolları kəsişib. 2015-ci il sentyabrın 17-də Londondakı ilk qarşılaşmada hesabı Riçard Almeyda açıb. Milliləşən braziliyalı İngiltərə klublarına vurulan yeganə qolun müəllifi kimi tarixə düşüb. Onun penaltidən vurduğu qol isə xal üçün yetərli olmayıb. Üç qol vuran londonlular əzmkar qələbəyə seviniblər – 3:1. Toplardan ikisinə indi də “Tottenhem”in əsas oyunçusu olan Son Xın Min vurub. İki ay sonra noyabrın 26-da Bakıya səfər edən “Tottenhem” həmin görüşdə üç xalı bir qolla qazanıb.

İki oyunda 10 qol

İki il sonra Azərbaycan və İngiltərə klubları yenə eyni qrupda yer alıblar. Bu dəfə duellər Çempionlar Liqasında baş tutub. “Qarabağ” Londonun digər klubu “Çelsi” ilə iki dəfə görüşüb. “Zadəganlar” “Tottenhem”lə müqayisədə daha amansız olub. Hər iki qarşılaşmada böyük hesabla qalib gələn İngiltərə klubu ümumilikdə 10 qol vurub – 6:0, 4:0.

“Topçular”dan dörd top

Növbəti mövsüm “Qarabağ” yenidən London klubu ilə rəqib olub. Avropa Liqasının qrupunda “Arsenal”la iki matç baş tutub. İngiltərə klubu hər iki qarşılaşmada quru hesabla qələbə qazanıb. Bakıda böyük hesabla qələbə qazanan qonaqlar Londonda minimal üstünlük əldə ediblər – 3:0, 1:0.

6 oyunda 1 qol

Azərbaycan və İngiltərə klublarının altı matçının hamısında “Qarabağ”ın rəqibləri London təmsilçiləri olub. Bu görüşlərin hamısında futbolun yaradıcıları qalib gəliblər. Bir qol vuran təmsilçimiz 18 top buraxıb.

2015/16 mövsümü, Avropa Liqası
17.09.2015. “Tottenhem” – “Qarabağ” – 3:1
26.11.2015. “Qarabağ” – “Tottenhem” – 0:1
2017/18 mövsümü, Çempionlar Liqası
12.09.2017. “Çelsi” – “Qarabağ” – 6:0
22.11.2017. “Qarabağ” – “Çelsi” – 0:4
2018/19 mövsümü
04.10.2018. “Qarabağ” – “Arsenal” – 0:3
13.12.2018. “Arsenal” – “Qarabağ” – 1:0

Vüqar Xeyrullayev
İdman.biz