“Qarabağ”dan 11-ci start - TƏHLİL

Təhlil
25 Sentyabr 2024 14:35
318
“Qarabağ”dan 11-ci start - TƏHLİL

Azərbaycan çempionu “Qarabağ” avrokubokların 2024/25 mövsümünün əsas mərhələsinə sabah start verəcək.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayacaq.

Ağdam klubu “Tottenhem”lə üz-üzə gələcək. Sabah Londonda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Tarixdə 11-ci, Avropa Liqasında 9-cu

Bunadək 10 dəfə avrokubokların payız hissəsində mübarizəni davam etdirən “Qarabağ” hər üç turnirdə buna nail olub. Qurbanovun komandası 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. 2021/22 mövsümündə isə təmsilçimiz eyni uğuru Konfrans Liqasında bacarıb. İlk belə nailiyyəti 2014/15 mövsümündə gerçəkləşən çempionumuz həmin vaxtdan indiyədək olan digər 8 cəhdində Avropa Liqasında qrupa düşüb. Qarşıdakı sınaq isə əsas raundlarda 11-ci, Avropa Liqasında isə 9-cu mübarizənin başlanğıcıdır.

Bu dəfə fərqli formatda

2024/25 mövsümündən avrokubokların hər üç turnirində yeni format tətbiq olunur. Hamının adət etdiyi qrup mərhələsini yeni – Liqa mərhələsi əvəz edir. “Qarabağ” da bu yeniliyin ilk ilində iştirakçılar sırasındadır. Ağdam klubu bu formatı sınayacaq ilk və hələlik yeganə Azərbaycan təmsilçisidir. Qurbanovun komandası əvvəlki 10 əsas mərhələ həyəcanını qrupda yaşayıb. Həmin vaxt “Qarabağ” hərəsində 4 komanda olmaqla 8 qrupa bölünən 32 iştirakçı arasında yer alıb. Ağdam klubu hər dəfə üç rəqiblə ev və səfərdə ümumilikdə 6 matç keçirib və “dördlük”də mümkün qədər yuxarı yer tutmağa çalışıb. Bu dəfə 8 müxtəlif rəqiblə 4 ev və 4 səfər sınağında 36 komandalıq turnir cədvəlində yüksək mövqe üçün mübarizə gedəcək.

Seriya üçün möcüzə arzusu

“Qarabağ”ın əvvəlki 10 cəhdinə baxsaq, çempionumuz tarixində yalnız bir dəfə əsas raunda qələbə ilə başlayıb. Bu da ötən il yaşanıb. Qurbanovun yetirmələri “Molde”ni Bakıdan əliboş yola salıb. Norveç təmsilçisini yenmək üçün bir qol kifayət edib. Londonda “Tottenhem” üzərində qələbə çətin, hətta kiçik möcüzə sayılsa da, “Qarabağ” ardıcıl ikinci dəfə əsas mərhələyə qələbə ilə başlamaq, kiçik seriyaya imza atmaq üçün meydana çıxacaq.

Yalnız evdə

“Qarabağ” start oyunlarında yalnız evdə xal qazanıb. İlk belə uğur qrupdakı debütündə gerçəkləşib. 10 il əvvəl “Böyük beşlik” təmsilçisi – Fransa “Sent Etyen”i ilə qolsuz sülh qeydə alınıb. İki il sonra “Slovan”a Bakıda iki qol vuran “Qarabağ” yenə doğma divarlar arasında bir xal əldə edib – 2:2. 2021-ci ildə Konfrans Liqasının “Bazel”lə start görüşü də bərabərliklə nəticələnib. Həmin vaxt azarkeşlər ev oyununda qol görməyiblər. Bir sözlə, 10 start matçında 1 qələbə və 3 heç-heçəsi olan “Qarabağ” bu 6 xalı evdə qazanıb.

Sindromu qırmalı

Əvvəlki 10 mövsümdə əsas mərhələlərdən beşi evdə, beşi səfərdə başlayıb. Öz meydanında yalnız "Sevilya”ya uduzan “Qarabağ” digər 4 start matçında hesabına xal yaza bilib. Səfərdəki ilk görüşlər isə məğlubiyyətlə bitib. Biri Çempionlar Liqasında olmaqla 5 dəfə rəqib meydanından xalsız dönən təmsilçimiz 9 il əvvəl ilk belə səfərinə Londona edib. Onda da əsas mərhələyə “Tottenhem”lə başlayan “Qarabağ” 1:3 hesabı ilə uduzub. Qurbanovun komandası startdakı səfər sindromunu qırmaq üçün meydana çıxacaq.

“Qarabağ”ın əsas mərhələlərdəki start oyunları:
18.09.2014. “Sent Etyen” (Fransa) - 0:0 (e)
17.09.2015. “Tottenhem” (İngiltərə) - 1:3 (s)
15.09.2016. “Slovan” (Çexiya) - 2:2 (e)
12.09.2017. “Çelsi” (İngiltərə) - 0:6 (s)
20.09.2018. “Sportinq” (Portuqaliya) - 0:2 (s)
19.09.2019. “Sevilya” (İspaniya) - 0:3 (e)
22.10.2020. “Makkabi” (Təl Əviv, İsrail) - 0:1 (s)
16.09.2021. “Bazel” (İsveçrə) - 0:0 (e)
08.09.2022. “Frayburq” (Almaniya) - 1:2 (s)
21.09.2023. “Molde” (Norveç) - 1:0 (e)

Startdakı yeganə səfər xalı

“Qarabağ” 11-ci dəfə əsas mərhələdə oynayırsa, Azərbaycan klubları üçün ümumilikdə 14-cü start gerçəkləşəcək. İlk belə matç 2012-ci ildə baş tutub. Qrupa düşən ilk Azərbaycan klubu kimi tarixə düşən “Neftçi” Avropa Liqasının əsas raunduna səfərdəki xalla başlayıb. Bakı klubu Serbiyada “Partizan”la bərabərə qalıb – 0:0. Bu, Azərbaycan futbolu tarixində səfərdəki start matçında qazanılan ilk və son xal kimi qalıb. Üç il sonra “Qəbələ” də eyni turnirin qrupuna qolsuz sülhlə başlayıb. Amma təmsilçimiz xalı evdə qazanıb. Rəqib isə PAOK olub. Növbəti mövsümdə isə “qırmızı-qaralar” Belçikadan xalsız dönüb. “Anderlext” üç xalı üç qolla qazanıb – 3:1.

Vüqar Xeyrullayev
İdman.biz