“Qarabağ”ın rəqiblərini bu gün nə gözləyir?

Xəbərlər
25 Sentyabr 2024 15:45
178
“Qarabağ”ın rəqiblərini bu gün nə gözləyir?

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki 8 rəqibindən 2-si bu gün starta çıxır. Norveç “Bodo Qlimt”i öz meydanında turnirin favoritlərindən olan Portuqaliya “Porto”sunu qəbul edəcək. İsveç “Elfsborq”u isə Niderlanda “Alkmaar”ın qonağı olacaq.

İdman.biz skandinaviyalıların ilk turdakı şanslarını dəyərləndirib.

“Bodo Qlimt” cari mövsüm Çempionlar Liqasında 2-ci və 3-cü təsnifat mərhələlərini inamla adlasa da, pley-offda “Srvena Zvezda” səddini keçə bilməyərək yolunu Avropa Liqasında davam etdirməli olub. Ötən mövsümdə isə 2-ci təsnifat mərhələsindən qoşulduğu Konfrans Liqasında 1/16 finaladək irəliləyərək, davam şansını overtaymda Niderland “Ayaks”ına təhvil vermişdi.

Daxili çempionatda komanda son turda əsas izləyicisi “Brann”dan 1:4-lük ağır məğlubiyyət alsa da, hazırda 23 turdan sonra ikinci olan eyni klubdan 7 xal üstün olaraq liderliyini davam etdirir. Ancaq bu ağır matç daxili və beynəlxalq yarışlarda rotasiyalar etməyən komandada 3 günə gücün bərpasını sual altına alır.

Matça qədər zədəlilər problemini həll edən “Bodo Qlimt” nə bu sarıdan, nə də cəzalılar baxımından elə rəqibi “Porto” kimi problem yaşamayacaq. Ümumilikdə bütün cəbhələrdə Son 14 oyunundan 10-da qalib gəlib 2-də uduzan komanda son 11 avrokubok matçında əsas vaxtda cəmi 1 dəfə məğlub olub.

Bununla belə artıq 3 mövsümdür ki, qitənin top-8 ölkələrinin təmsilçiləri üzərində qələbəsi olmayan komanda “Porto” ilə oyunda yüksək şansa malik deyil. Yalnız portuqal klubunun Avropa Liqasında son 12 səfər oyununda yalnız 1 dəfə qalib gəlib 7 dəfə uduzması norveçli azarkeşləri bir qədər ümidləndirə bilər. Bütün deyilənləri nəzərə alsaq, matçda heyətinin dəyəri 334 milyon avro olan qonaqların qalib gəlməsi və heç-heçə şanslarını bərabər dəyərləndirmək olar. Oyunçularının dəyəri rəqibindən 8 dəfə aşağı olan ev sahibinin qələbəsinə ümid isə bunların hər birindən ən azı iki dəfə az olacaq.

Niderlanda üz tutan “Elfsborq”un da şansları yüksək deyil. Ölkə çempionatında hazırda 6-cı olan və son 5 daxili matçda cəmisi 1 qələbəsi olan İsveç klubu heç də yaxşı dönəmini yaşamır. Doğrudur, komanda Avropa Liqasında bu mövsüm ilk 3 təsnifat mərhələsini çətinlik çəkmədən adlayıb və yalnız pley-offda qonşu Norveçdən “Molde”ni çətinliklə penaltilər seriyasında yolundan kənarlaşdırıb.

İsveçli azarkeşlərə ümid verən yeganə statistik göstərici komandanın 4 aydır ki, səfərdə uduzmamasıdır. Ancaq 8 oyunluq səfər məğlubiyyətsizliyi seriyasının daha ciddi rəqiblə oyunda da davam edəcəyini çox da gözləməyə dəyməz.

Heyət baxımından “Alkmaar”ın problemləri daha çoxdur. Komandanın liderləri sırada olsa da, əsas heyət oyunçularının 6-sı zədəlilər cərgəsindədir. Qonaqların yeganə problemi isə bir aya yaxındır meydandan kənar qalan dayaq yarımmüdafiəçisi Yens Tomasendir.

Bu cütlükdə də Skandinaviya təmsilçisinin qələbə şansı çox cüzidir. Ən yaxşı halda heç-heçəyə ümid edə biləcək “Elfsborq”un daha çox evə əliboş dönəcəyinə güman daha çoxdur.

Vüqar Məmmədov
İdman.biz

Məqalədə: