“Xankəndi”nin təsisçisi: “Hər şey gözlədiyim kimi oldu” - MÜSAHİBƏ

Müsahibə
26 Sentyabr 2024 14:40
702
“Xankəndi”nin təsisçisi: “Hər şey gözlədiyim kimi oldu” - MÜSAHİBƏ

Region Liqasında debüt edəcək “Xankəndi” futbol klubunun təsisçisi Elnur Məcidovun İdman.bizə müsahibəsi

- “Xankəndi” klubunu yaratmaq fikri necə yarandı?

- “Füzuli” komandasının təsisçisi Vasif İsmayılovla birlikdə idik. Düşündük ki, əgər mümkündürsə bu adda bir klub yaradaq. Bununla bağlı AFFA-ya rəsmi müraciət edib, Region Liqasında çıxış etmək üçün təklif irəli sürdük. Özüm də daim minifutbolun içərisindəyəm. Xankəndinə gedib oradakı stadionu gördüm və şəhəri sevdim. Bu səfərimdən sonra da ancaq beynimdə “Xankəndi” adında bir klub yaratmaq dolaşırıdı. O da qismət oldu.

- Maraqlıdır, özünüz də Xankəndidənsiz?

- ⁠Xeyr, qarabağlıyam. Bərdədə anadan olmuşam. Amma Xankəndini çox sevirəm. O qədər gözəl idi ki, vuruldum bu şəhərə. Stadionu da olduğu üçün bu şəhərə futbolu gətirməyi arzuladım. Hər şey də gözlədiyim kimi oldu.

- ⁠Klubun heyəti ilə bağlı nə deyə bilərsiz? Artıq komanda formalaşıb?

- ⁠Mənim də, eyniylə Vasif bəyin də ətrafında xeyli futbolçu var. Ona görə heyəti yığmaqla bağlı hansısa çətinliyimiz yoxdur. Transferlər rəsmiləşdikdən sonra bu barədə məlumat verəcəyik. Baş məşqçimiz də bəllidir. Futbolçularımızın formasını da artıq hazırlamışıq. Bütün hər şey yüksək səviyyədədir. Bütün detallara həvəskar yox, peşəkar yanaşırıq.

- Klubun əsas hədəfi nə olacaq?

- ⁠Əsas məqsədimiz öz stadionumuzda oyunları keçirməkdir. Sadəcə bəzi səbəblərə görə hazırda orada oynamaq mümkün deyil. Müvəqqəti olaraq Şamaxı şəhər stadionunda çıxış edəcəyik. Məqsədimiz Xankəndidə bazamızı yaradıb, məhz bu regionda futbolu inkişaf etdirərək, kütləviliyinə nail olmaqdır. Bunun üçün də addım-addım irəliləməliyik. Bu il çempion olmaq, ardınca digər liqalarda eyni uğuru təkrarlayıb, Premyer Liqada çıxış etmək üçün var gücümüzlə çalışacağıq. Daha sonra “Xankəndi” klubunu bütün Avropada tanıtmağı qarşımıza məqsəd qoymuşuq.

Banuçiçək Hüseynli
İdman.biz