“Qarabağ” “Tottenhem”i nələrdə üstələyib? – STATİSTİKA

Xəbərlər
27 Sentyabr 2024 14:27
256
“Qarabağ” “Tottenhem”i nələrdə üstələyib? – STATİSTİKA

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin ilk matçında 3 cavabsız qolla məğlub oldu. Ancaq Oyunun statistikası heç də bu nəticəyə uyğun deyildi.

İdman.biz qarşılaşmanın statistik göstəricilərini nəzərdən keçirib.

Oyunun böyük hissəsini çoxluqda keçirməyinin hesabına olsa da, böyük hesabla uduzmağına rəğmən “Qarabağ” bir çox göstəricilərdə rəqibinə heç də uduzmadı. Hətta bəzi məqamlarda üstün oldu.

Komandaların, onların oyunçularının, iştirak etdiyi çempionatlarının səviyyəsində, klubların maliyyəsində böyük fərqə və matçın Londonda keçirilməsinə baxmayaraq, “Tottenhem”in topa sahibolmada üstünlüyü cüzi oldu – 53 faizin 47-yə.

Qurban Qurbanovun komandasının 39 hücumuna qarşı tərəf 37 hücumla cavab verdi.

Hər iki komandanın qapı istiqamətinə zərbəsinin sayı 5 oldu. Ancaq daha effektli olan ingilislər bunlardan 3-nü qola çevirdiyi halda, “Qarabağ” çərçivəyə düşə bilmədi.

Ümumiyyətlə, qapıya zərbələrin sayında ağdamlıların üstünlüyü nəzərəçarpacaq idi – 14-ün 10-a. Əgər uzaq zərbələrin sayı hər iki tərəfdə 4 idisə, cərimə meydança daxilindən futbolçularımızn 10 zərbəsinə rəqib 6-sı ilə cavab vermişdi. Komandamızda iki top qapı dirəyinə tuş gəldiyi halda, ev sahiblərinin hücumlarında belə hal yaşanmadı. “Qarabağ”ın 1 zərbəsi bloka alındısa, rəqibin 3 zərbəsini müdafiəçilərimiz blokladılar. Mateuş Koxalski 2 dəfə seyv edə bildisə, oyunun nəticəsinə əsaslı təsir edən matçın ən yaxşı oyunçusu Quqlielma Vikario 6 seyvlə yadda qaldı.

“Qarabağ”ın 490 ötürməsindən 419-u dəqiq oldu, “Tottenhem”in 468 ötürməsindən 413-ü. Faiz göstəricisində londonlular cüzi üstündürlər – 85,5-in 88.2-yə. “Qarabağ” asmaların sayında rəqibi xeyli üstələdi. Ağdamlıların 24 asmasından 8-i uğurlu alınıb, meydan sahiblərində 10-dan 3-ü. Faiz baxımından “Köhlən atlar”ın cüzi üstünlüyü var – 33,3-ün 30-a. Uzun ötürmələrdə qonaq komanda 45-dən 27-də (60%) dəqiq olubsa, ev sahiblərində bu göstərici aşağıdır – 28-dən 13-dür (46%).

Topu ələ keçirmədə Azərbaycan klubu 29-11, birbaşa ayaqdan topalmada 14-13 öndədir. Top çıxarmada komandamız 8-22 geridədir. Cərimə zərbələrində minimal fərq qarşı tərəfin xeyrindəir – 13-12. “Qarabağ” oyunda 9 künc zərbəsi vurduğu halda, Postekoqlunun komandası cəmi 3 dəfə topu künc nöqtəsindən oyuna daxil edib. Meydan sahibləri 2 dəfə, qonaqlar 6 dəfə ofsayda düşüb.

Təkbətək mübarizələrin 65 faizində (69-dan 45-də) Azərbaycan futbolçuları qalib olublar. Hava mübarizəsində isə ingilis futbolunun nümayəndələri onlar haqqında bu barədə olan təsəvvürləri yanıltmayıblar – 85 % (13-dən 11).

Vüqar Məmmədov
İdman.biz