“Qarabağ”ın qol “oruc”u: Qurban Qurbanovla antirekord - TƏHLİL

Təhlil
29 Sentyabr 2024 11:27
794
“Qarabağ”ın qol “oruc”u: Qurban Qurbanovla antirekord - TƏHLİL

“Qarabağ” uğursuz seriya ilə üzləşib.

İdman.biz xəbər verir ki, Ağdam klubu ardıcıl üç avrokubok görüşündə qol vurmayıb.

Öncə “yağış”

Bu seriya Çempionlar Liqasının “Lüdoqorets”lə Bolqarıstandakı matçından sonra başlayıb. “Qarabağ” səfərdə 7:2 hesablı darmadağına imza atıb. Həmin yeddi qol təmsilçimizin avrokubokdakı son topları kimi qalmaqdadır. Çempionumuz Yassin Benzianın 118-ci dəqiqədə imza atdığı qoldan sonra sanki tilsimə düşüb. Avqustun 13-dəki matçdan sonra artıq 45 gündür və ya 272 dəqiqədir ki, “Qarabağ” rəqib qapısına yol tapa bilmir.

Sonra “oruc”

Daim hücum futbolu və qolları ilə azarkeşlərimizi sevindirən “Qarabağ”ın hətta bir oyunda fərqlənə bilməməsi gözlənilməz, bəzən inanılmaz təsiri bağışlayır. Qurban Qurbanovun komandası Çempionlar Liqasının Zaqrebdəki pley-offunda “Dinamo”ya qol vura bilməyəndə (0:3) hamı cavab görüşündə ən azı bir neçə top gözləyirdi. Amma Xorvatiya çempionu Bakıda da “alınmaz qala” qurdu. Avropa Liqasının Liqa mərhələsinin startı qollu olmalı idi. Hər halda “Tottenhem”in 80 dəqiqədən çox azlıqda qalması, saysız-hesabsız qol imkanları və üstəlik penalti buna əsas verirdi. Amma “Dinamo” kimi londonlular da qapısını toxunulmaz saxladı. Bununla da qol “orucu”nun qırılması oktyabrın 3-dək təxirə düşdü. Həmin gün çempionumuz Bakıda “Malmö”nü qəbul edəcək.

6 ildən sonra

Avrokubokda 3 matç qol vurmamasını “Qarabağ”ın özü üçün qeyri-adi durum hesab etmək olar. Sonuncu belə hadisə 6 il əvvəl yaşanıb. Ağdamlılar Avropa Liqasının qrupunda “Sportinq”ə 2, “Arsenal”a 3, “Vorskla”ya üç cavabsız qolla uduzub. Ukrayna klubu ilə matçdan Zaqreb səfərinə qədər olan müddətdə 79 oyuna çıxan “Qarabağ” yalnız 17 dəfə qola həsrət qalıb. Bu müddətdə təmsilçimiz ümumilikdə 126 dəfə rəqib qapısına yol tapıb.

Qurbanovla antirekord təkrarlandı

Qurban Qurbanovun baş məşqçi karyerasında avrokuboklarda bundan uzun qolsuzluq yaşanmayıb. 2018-ci və 2024-cü illərdəki 3 matçlıq seriya mütəxəssis üçün antirekord sayılır. Ağdam təmsilçisi 2008-ci ildən komandanı çalışdıran Qurbanovla 169 avrokubok görüşünə çıxıb. Cəmi 48 dəfə meydandan qol vurmadan ayrılan təmsilçimiz 217 dəfə fərqlənib.

20 il əvvəl bitən seriya

Qurbanova qədər isə “Qarabağ”ın daha uzun qolsuzluqları yaşanıb. 1999-2004-cü illərdə ardıcıl 5 görüşdə qapıya yol tapmayan Ağdam klubunun antirekordundan 20 il ötür. Bu seriyanın təkrarlanmaması üçün qarşıdakı iki matçda qol vurulmalıdır. 1997-98-ci illərdə də uğursuz seriya yaşanıb. Həmin vaxt 4 matçlıq qol “oruc”u qeydə alınıb.

İdman.biz