Şahin Diniyev: "Sistemi dəyişmək də effekt vermir"

Xəbərlər
27 Sentyabr 2024 21:38
319
Şahin Diniyev: "Sistemi dəyişmək də effekt vermir"

"Deyiləsi çox şey yoxdur. Yaxşı komandaya qarşı oynadıq. Onların futbolçuları fərdi baxımdan bizdən üstün idilər. Çox bəsit qollar buraxdıq. "Araz-Naxçıvan"ı təbrik edirəm".

İdman.biz xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 8-ci turunda "Araz-Naxçıvan"a 2:3 hesablı məğlubiyyəti şərh edib: "Bu gün autdan qol buraxırıq. Bu, ilk dəfə deyil. Top cərimə meydançamıza gələndə artıq qolun qoxusu gəlir. Sistemi dəyişmək də effekt vermir. Məndə heç bir futbolçuya qarşı şübhə olmayıb. Bomba eyni yerə bir dəfə düşər də. Bizdə isə eyni yerə 10 dəfə düşür. Samballı cavab verə bilmirəm. Bir nöqtədən bu qədər qol buraxmaq olmaz. Özümü təmizə çıxarmaq üçün 100 dənə səbəb deyə bilərəm. Amma bunu edə bilmərəm. Məsuliyyəti mən daşıyıram. Futbolçuların yox, mənim səhvimdir".

Qeyd edək ki, "Səbail" ardıcıl 4-cü oyunda meydanı məğlub tərk edib.

İdman.biz