Henrik Ridström: "Ən güclü klublardan biri ilə qarşılaşacağıq” - MÜSAHİBƏ

Müsahibə
2 Oktyabr 2024 18:43
233
Henrik Ridström: "Ən güclü klublardan biri ilə qarşılaşacağıq” - MÜSAHİBƏ

“Ola bilər ki, “Qarabağ”ı İsveçdə çoxları tanımır, ancaq biz bu komandanın potensialını bilirik”.

İdman.biz xəbər verir ki, bunu “Malmö” klubunun baş məşqçisi Henrik Ridström Avropa Liqasının Liqa yolunda “Qarabağ”la oyun öncəsi mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, oyuna ciddi hazırlaşıblar: “Qarabağ”ı yaxşı analiz etmişik. Deyə bilərəm ki, güclü komandadır. Bu komandanın oyun tərzini bəyənirəm. İstənilən halda biz bura müsbət əhval-ruhiyyədə gəlmişik. Sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq”.

- "Malmö"nü "Qarabağ"dan güclü hesab edirsiz?
- Bunu demək çətindir. Rəqibimiz çox güclüdür. Biz bura gözəl oyun oynamağa gəlmişik. Burada atmosfer gözəldir. Müqayisə aparmaq düzgün deyil. Sabah hər şeyi görəcəyik.

- Bu oyun sizin üçün nə qədər əhəmiyyətlidir?
- Məsələyə bu aspektdən baxmıram. Hər oyun əhəmiyyətlidir. Növbəti matç da önəmlidir.

- "Qarabağ"ın əvvəlki oyunlarında köməkçilərinizi oyunu canlı izləmək üçün göndərmisizmi?
- Xeyr. Buna ehtiyac da yoxdur. Bugünkü texnologiya imkan verir ki, "Qarabağ"a liqada və avrkuboklarda baxaq, analiz edək.

- Azərbaycanda mütəxəssislər "Malmö"nü "Qarabağ" üçün üç xal kimi görür. Bu haqda fikriniz nədir?
- Bizdə də bizə ümid edirlər. İnsanların nə fikirləşməsi mənim üçün önəmli deyil. "Qarabağ" güclüdür. Biz öz oyunumuzu oynayırıq. Sabah ümid edirəm ki, iki güclü komandanın oyunu olacaq.

- "Qarabağ"la evdə qarşılaşmadığınız üçün təəssüflənmirsiniz?
- Mən və mənim futbolçularım həyəcanlandı. Amma komanda rəhbərliyi bir o qədər də yox. Çünki Azərbaycan bizdən uzaq ölkədir, təyyarə və bahalı otel tutmaq üçün maliyyə lazım gəldi.

- Qurban Qurbanovun komandası Skandinaviya klublarına uduzmayıb. Bu statistika sizi qorxutmur?
- Bunlar məni narahat etmir. 15 illik statistika "Qarabağ"ın gücünü göstərir. Amma bunların sabahkı oyunla əlaqəsi yoxdur. Sabahkı oyuna fokuslanmalıyıq. "Qarabağ" "Sparta" və "Reyncers"dən daha güclü komandadır. Ona görə də sabahkı matça hazır olmalıyıq.

İdman.biz