Anatoli Ponomaryov: “Qarabağ” onlara xüsusi diqqət etməlidir” – MÜSAHİBƏ - VİDEO

Müsahibə
3 Oktyabr 2024 10:05
345
Anatoli Ponomaryov: “Qarabağ” onlara xüsusi diqqət etməlidir” – MÜSAHİBƏ - VİDEO

Azərbaycan millisinin sabiq futbolçusu Anatoli Ponomaryovun İdman.biz saytına müsahibəsi

- İsveçdə yaşadığınızdan “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Malmö”nü yaxşı tanıyırsız. Bu komandanın üstün tərəfləri nədir? “Qarabağ” rəqib oyunçulardan kimlərə diqqət etməlidir?

- “Malmö” çox yaxşı komandadır. Onların bir çox təhlükəli futbolçuları var. “Qarabağ” rəqibin 10 nömrəli futbolçusu Anders Kristiansendən ehtiyatlı olmalıdır. 34 yaşı var, həqiqətən də, çox təcrübəli oyunçudur. Əksər hücumları o həyata keçirir. Eynilə də 38 nömrəli formanın sahibi gənc Hüqo Bolini də fərqləndirə bilərəm. Bolin yaxşı hücumçudur, sol cinahdan rəqib meydançasına daxil olmağı və işi bitirməyi sevir. “Qarabağ” bu iki oyunçuya xüsusi diqqət etməlidir.

- Hər bir klubun güclü tərəfi olduğu kimi zəif tərəfləri də olur. “Malmö” nədə axsayır?

- Bəli, isveçlilər də qüsursuz deyil. Onlar əksər vaxt hücum futbolu oynayırlar. Zəif yerləri müdafiədir. Qurban Qurbanovun komandasının çoxlu əks-hücum şansı ola bilər.

- Sizcə “Qarabağ” “Tottenhem”ə qarşı oynadığı kimi mübarizə aparsa, “Malmö”nü məğlub edə bilər?

- Hər oyunun fərqli ritmi var. Bu səbəbdən də bunu söyləmək həqiqətən çətindir. “Tottenhem” çox güclü komandadır. Ötən həftə bir daha bunun şahidi olduq.

- İsveç mətbuatı bu oyun haqqında nələr yazır?

- İsveç mətbuatı çox qayğılıdır. Onlar “Qarabağ”ın gücünə yaxşı bələddirlər. Bakıda “Malmö”nü çətin səfər matçının gözlədiyini yazırlar.

- Bəs siz “Qarabağ”ın qələbə şansını necə dəyərləndirirsiz?

- Azərbaycan çempionu çox güclü komandadır. Onlar ildən-ilə Avropada özlərini daha yaxşı göstərirlər. Mən matçın favoritinin Ağdam təmsilçisinin olduğunu düşünürəm.

- Bəs hesab təxmininiz nədir?

- Evdə oynadıqlarını nəzərə alsaq, “Qarabağ”ın 2:1 hesabı ilə qələbə qazanacağını gözləyirəm. Gərgin və çətin oyun olacaq. “Malmö” ötən il qarşılşadığımız “Hakken”dən daha güclü komandadır.

Emin Ağa
İdman.biz