“Qarabağ” avrokubokların əsas mərhələlərində 70-ci oyununu keçirəcək.
İdman.biz xəbər verir ki, Avropa Liqasının Liqa mərhələsinin II turunda “Malmö”nü qəbul edəcək Qurban Qurbanovun yetirmələrinin yubileyi Bakıda gerçəkləşəcək.
Təmsilçimiz təsnifat mərhələləri nəzərə alınmamaqla 69 matça çıxıb. Bunlardan 6-sı Çempionlar Liqası, 53-ü Avropa Liqasında, 10-u Konfrans Liqasında baş tutub.
“Qarabağ” qrup mərhələlərində 60, pley-offda 6, 1/8 finalda 2, Liqa mərhələsində 1 qarşılaşmaya çıxıb. Qurbanovun komandası bu görüşlərdə 16 qələbə qazanıb və eyni sayda heç-heçə edib. 37 məğlubiyyəti olan Ağdam klubu 68 qol vurub və 118-ni buraxıb.
Qeyd edək ki, “Qarabağ”ın avrokubokların əsas raundunda debütü 2014-cü ildə “Sent Etyen”lə görüşə təsadüf edib. Sentyabrın 18-də Bakıda baş tutan matç qolsuz başa çatıb.
Vüqar Xeyrullayev
İdman.biz