Azərbaycan çempionu “Qarabağ” avrokubokların 2024/25 mövsümünün əsas mərhələsində ikinci oyununu keçirəcək.
İdman.biz xəbər verir ki, Qurban Qurbanovun komandası Avropa Liqasının Liqa mərhələsinin II turunda “Malmö”nü qəbul edəcək.
Təmsilçimiz İsveç klubu ilə görüşə ilk qol, ilk xal və ilk qələbə üçün çıxacaq. Ardıcıl 11-ci dəfə təsnifat mərhələlərini arxada qoyan “Qarabağ”ın əsas raundun startındakı iki görüşünün nəticələrini nəzərdən keçirək.
Əlçatmaz rekord
Təkcə “Qarabağ” deyil, Azərbaycan futbol tarixinin ən yaxşı startı ötən il Avropa Liqasında qeydə alınıb. Qurbanovun yetirmələri əsas mərhələyə ardıcıl iki qələbə ilə başlayıblar. Təmsilçimiz hər iki görüşün taleyini bir qolla həll edib. Maraqlıdır ki, indiki kimi onda da II turdakı rəqib İsveç klubu olub. “Qarabağ” öncə “Molde”ni evdə, ardınca “Haken”i İsveçdə məğlubiyyətə uğradıb.
İlk dəfə məğlubiyyətsiz
Avropa Liqasındakı uğurlu starta qədər rekord 2021/22 mövsümünə məxsus idi. Onda da ilk iki qarşılaşmada uduzmayan “Qarabağ” ilk dəfə startı məğlubiyyətsiz keçib. Həmin vaxt Konfrans Liqasında çıxış edən təmsilçimiz 4 xalla kifayətlənib. “Bazel”lə Bakıdakı qolsuz bərabərlikdən sonra ağdamlılar Kipri fəth ediblər. Qurbanovun yetirmələri “Omoniya”nı darmadağınla üstələyib – 4:1.
Üçüncü göstəricini təkrarlamaq şansı
Tarixində iki dəfə - 2021-ci və 2023-cü illərdə startdakı iki oyunda uduzmamaqla yadda qalan “Qarabağ” bu il həmin nəticəni təkrarlaya bilməyəcək. İngiltərədə “Tottenhem”dən üç cavabsız qol buraxan çempionumuz tarixinin 3-cü ən yaxşı startını təkrarlamağa çalışacaq. 2015-ci, 2019-cu və 2022-ci illərdə də ilk iki görüşdə 3 xal qazanılıb. Hər üç mövsümdə bu göstərici Avropa Liqasında qeydə alınıb. Startda 1 qələbə və 1 məğlubiyyəti təkrarlamaq olsa, 4-cü dəfə belə nəticə yaşanacaq. Əvvəlki üç belə mövsümdən yalnız birində - 2022/23-də top fərqində müsbət göstərici olub.
Tarixdə beş, ardıcıl üç
“Qarabağ” əvvəlki 10 mövsümün beşində ilk iki görüşdə ən azı 1 dəfə qalib gəlib. Bunlardan üçü son illərə təsadüf edib. 2020/21 mövsümü qələbəsiz son startdır. Təbii ki, söhbət ilk iki qarşılaşmadan gedir. Növbəti iki mövsümdə bir, ötən payızda iki uğur əldə olunub. “Qarabağ” startda heç olmasa 1 qələbə qazanmaq seriyasını 4-cü mövsümdə də davam etdirmək üçün meydana çıxacaq.
Təsəlli xalı
Beş dəfə ilk iki görüşdə qələbəsi olmayan Ağdam təmsilçisi bunların ikisində bir xalla kifayətlənib. Təsəlli xalı 2014/15 və 2016/17 mövsümlərinə təsadüf edib. Öncə “Sent Etyen”, sonra “Slovan”la Bakıdakı görüş heç-heçə bitib. Hər iki mövsümdə ilk səfər sınağında xal qazanılmayıb.
Çempionlar Liqasından başlayan zolaq
“Qarabağ” əsas mərhələlərdəki ilk üç mövsümün startındakı görüşlərdə ən azı bir xal qazanıb. İki məğlubiyyətlə başlanan ilk mövsüm Çempionlar Liqası ilə bağlıdır. 2017-ci ildə “Çelsi” və “Roma”ya uduzan Qurbanovun komandası növbəti mövsümdə artıq Avropa Liqasına xalsız başlayıb. İki il sonra – 2020/21 mövsümündə “Qarabağ” sonuncu dəfə ilk iki oyunu xalsız başa vurub. Əgər təmsilçimiz favorit sayıldığı görüşdə “Malmö”dən xal ala bilməsə, 4-cü dəfə belə halla üzləşəcək.
Bir qol yetər
“Qarabağ” son 5 mövsümün ilk iki matçında ən azı 1 qol vurub. Bu seriyanın 6-ya çatması üçün bir qol yetər. Təmsilçimiz "Malmö”nün qapısına da yol tapmasa tarixində 3-cü dəfə startda qolsuz qalacaq. 2014-cü ildəki debütdə də yaşanan həmin hadisə 2018-ci ildə təkrarlanıb. Bu iki uğursuzluq arasında fərq ondan ibarətdir ki, 10 il öncə bir xal əldə edilib, sonuncuda isə nə qol olub, nə də xal.
mövsüm |
Turnir |
O |
Q |
H |
M |
T/F |
X |
2014/15 |
AL |
2 |
0 |
1 |
1 |
0-2 |
1 |
2015/16 |
AL |
2 |
1 |
0 |
1 |
2-3 |
3 |
2016/17 |
AL |
2 |
0 |
1 |
1 |
3-7 |
1 |
2017/18 |
ÇL |
2 |
0 |
0 |
2 |
1-8 |
0 |
2018/19 |
AL |
2 |
0 |
0 |
2 |
0-5 |
0 |
2019/20 |
AL |
2 |
1 |
0 |
1 |
4-4 |
3 |
2020/21 |
AL |
2 |
0 |
0 |
2 |
1-4 |
0 |
2021/22 |
KL |
2 |
1 |
1 |
0 |
4-1 |
4 |
2022/23 |
AL |
2 |
1 |
0 |
1 |
4-2 |
3 |
2023/24 |
AL |
2 |
2 |
0 |
0 |
2-0 |
6 |
2024/25 |
AL |
1 |
0 |
0 |
1 |
0-3 |
0 |
Qeyd edək ki, bu gün keçiriləcək “Qarabağ” – “Malmö” görüşü saat 20:45-də başlayacaq.
Vüqar Xeyrullayev
İdman.biz