"Azarkeş dəstəyi çox şey ifadə edəcək və “Qarabağ”a hücumda əlavə güc qatacaq".
Bunu bu gün Avropa Liqası çərçivəsində keçiriləcək "Qarabağ" - "Malmö" oyunu ilə bağlı fikirlərini eksklüziv olaraq İdman.biz ilə bölüşən İsveçin ictimai televiziya kanalı SVT-də çalışan jurnalist Qabriel Melke deyib.
O bildirib ki, "Qarabağ"la bağlı diqqətini çəkən ilk məsələ baş məşqçi Qurban Qurbanov və onun gördüyü müstəsna işdir: “Onun 16 ildir bu komandaya rəhbərlik etdiyini düşünmək mənim üçün tamamilə şokdur. Onun, mənim anladığım qədər, komandasına cəlbedici futbol oynadaraq, yeni düşüncələr gətirərək Azərbaycan futbolunu inkişaf etdirməsi xüsusi bacarıqdır”.
Melke vurğulayıb ki, “Malmö”nü bərabər və çətin oyun gözləyir: “Oyunun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi “Qarabağ” üçün böyük üstünlükdür. Azarkeş dəstəyi çox şey ifadə edəcək və “Qarabağ”a hücumda əlavə güc qatacaq. "Malmö" son vaxtlar qarışıq nəticələr göstərir və onlar bir az yorğun ola bilərlər. İsveç təmsilçisi yarışın ilk oyununda “Reyncers”ə qarşı da yaxşı çıxış etməyib. Bununla belə, onların heyətində yaxşı futbolçular var: İsaak Kiese Thelin, Anders Kristiansen və Erik Botheim oyunu dəyişə bilən ulduzlardan yalnız bir neçəsidir. Düşünürəm ki, "Malmö" bu oyunda daha çox müdafiə olunmağa hazır olmalıdır. "Malmö" Bakıda bir xal qazansa, yəqin ki, sevinəcək”.
Rasim
İdman.biz