Qurban Qurbanov: "Komanda öz oyun ritmindən uzaqlaşıb" - MÜSAHİBƏ

Müsahibə
3 Oktyabr 2024 23:11
356
Qurban Qurbanov: "Komanda öz oyun ritmindən uzaqlaşıb" - MÜSAHİBƏ

"Əfsuslar olsun ki, məğlub olduq".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Malmö" ilə oyundan sonra baş tutan mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis Ağdam klubunun UEFA Avropa Liqasında Liqa mərhələsinin II turunda İsveç klubuna 1:2 hesablı məğlubiyyətini şərh edib: "İstəməzdim, doğma azarkeşlər önündə məğlub olduq. Rəqib komandanın təbrik etmək lazımdır. Dünən də vurğulamışdım ki, bu komandanın fərqli oyun tərzi var. Daha yaxşı oyun göstərə, daha yaxşı nəticə əldə edə bilərik. Buaralar komanda öz oyun ritmindən uzaqlaşıb. Ümid edirəm ki, qarşıdakı oyunlarda yaxşı olacaq".

- Çempionatdakı rəqabətsizliyə görə avrokuboklarda uduzursuz?
- Xeyr. İndi elə perioddayıq ki, bu haqda düşünmək olmaz. Xeyli sayda avrokubok oyunları keçirmişik. İnanmıram ki, hazırkı durum nəticəmizə təsir edir. Sadəcə ola bilər ki, bir neçə oyunçumuzun zədəli olduğuna görə, oyun planımızda geriləmə olub.

- Üç əvəzetmə etdiniz, amma Yankoviçlə bağlı pauza verdiniz.
- Romao bir az özünü yaxşı hiss etmirdi. Ona görə pauza verməli oldum. Məncə, sonda düzgün addım atdıq.

- Bəs Bəhlul?
- İlk hissədən sonra onun ağrısı var idi. İkinci hissə hiss etdim ki, öz gücü ilə oynaya bilmir. İynə vurub meydana çıxmışdı.

- Sanki "Qarabağ" əvvəlki həvəsdə deyil, komandada nəsə baş verir, əvvəlki kimi oynaya bilmir. Futbolçular həvəsdən düşüb, yoxsa yorğunluq var?
- Həvəsdən düşdüklərini deməzdim. Bu komandada həvəssiz heç vaxt düşünülməyib. Sadəcə məğlub oluruqsa, düşünməliyik ki, əvvəl ola bilər daha istəkli idik. Bunu qəbul etməliyik. Biz daha yaxşı oynaya bilərik. Bəzi düşündüyüm xırda elementlər aradan qalxdıqda, belə olacaq. Bu oyun bir daha göstərdi ki, belə oyunlarda daha çox motivasiya, dinamika olmalıdır, güc sərf etməliyik. Bu matçda uduzsaq da, faydası olacaq.

- "Malmö" digər rəqiblərinizdən daha zəif hesab olunurdu. Digər rəqibləri daha güclüdür. Onlarla oyunda nə edəcəksiz?
- Heç kimə zəif gözü ilə baxmırıq. Hər biri Avropa komandalarıdır. Özümüzü də çox zəif saymırıq. Qarşıda dəyişik nəticələr çox olacaq.

- Biz kifayət qədər çox qol epizodları yaradırıq. Ən çox nəyin üstündə işləməliyik ki, məntiqi sonluq vaxtında gəlsin?
- Fərdi yöndə. Əgər budursa, problem olmaz. Yaxşılaşdıra bilərik. Həyəcana görə epizod alınmasa, problem ola bilər. Amma texniki səhvdirsə, yaxın zamanda yaxşılaşdırmaq olar.

- Buntiç və Koxalski etibarlı qapıçılar sayıla bilməz. Şahruddin yenə əsas qapıçı kimi görünür. Qapıçılarla bağlı düşüncəniz necədir?
- Düşünəcək heç nə qalmayıb. qapıçıların hansı liqalardan gəldiyini fikirləşsək, deyə bilərik ki, hər ikisinin yetərincə bacarığı var. Ola bilər ki, hələ tam adaptasiya ola bilməyiblər. Hər ikisinə inanıram, güvənirəm, böyük potensialları var. Şahruddinin də yaxın zamanlarda meydana dönməsi görünmür. Fərdi məşqlərə başlayıb. Kollektivlə başlamasına xeyli vaxt lazım olacaq. Məncə, hər ikisi güvəniləsi qapıçıdır. Çempionata tam uyğunlaşandan sonra çox faydalanacağıq. Bu gün isə atacaq addımımız yoxdur.

- Qorxmursunuz ki, psixoloji effekt sonrakı matçlarınıza da təsir edə bilər?
- Qorxacaq, çəkinəcək bir şey yoxdur. Neçə illərdir ki, bu işin içindəyik. Bir insan ilboyu sağlam ola bilməz. Komandalar da hansısa müddət öz formasından uzaqlaşır. Belə hallara çox soyuqqanlı yanaşmalıyıq.

- "Dinamo" Zaqreb səddini keçə bilməmək futbolçulara psixoloji təsir etdimi? Sanki komanda o oyunda qalıb.
- Təsir etdi. Ancaq indiyə kimi qaldığımızı düşünmürəm. Xeyli müddət nəinki öz aramızda, azarkeşlər və mediada belə fikirlər formalaşıb. Hamının gözü ÇL-in qrupunda idi. Bu normal haldır. Hamınız bunu daim istəməlisiz. Biz isə belə hallarda daha da soyuqqanlı komandanın problemi varsa, onu yoluna qoymalıyıq.

Aytac Sahəd
İdman.biz