Olavio Juninyo “Qarabağ”ın heyətində avrokuboklarda 13-cü qolunu vurub.
İdman.biz xəbər verir ki, braziliyalı hücumçu Avropa Liqasının Liqa mərhələsinin II turunda “Malmö”nün qapısına yol tapıb.
28 yaşlı forvard 13-cü qolunu 23-cü avrokubok matçında vurub. O, Çempionlar Liqasında 6, Avropa Liqasında 7 dəfə fərqlənib.
Juninyo Azərbaycan klublarının avrokuboklardakı ən yaxşı bombardiri olmağa bir addım da yaxınlaşıb. Artıq onu bu rekorddan bir qol ayırır.
Rekordunu itirmək təhlükəsi ilə üzləşən isə onun komanda yoldaşı Abdullah Zubirdir. Fransalı yarımmüdafiəçi “Qarabağ” forması ilə 14 avrokubok qoluna imza atıb.
Olavio növbəti qolu ilə Zubirə şərik çıxacaq. Yüksək məhsuldarlıq göstərən “sambaçı”nın elə bu il rekordu təkrarlaması, hətta keçməsi real görünür. Təbii ki, Zubir də belə təhlükədən qaçmaq üçün qol sayını artıra bilər.
Azərbaycan klublarının avrokuboklardakı bombardirləri siyahısında 3-cü yerdə isə Reynaldodur. Braziliyalı “Qarabağ”da 11 qola imza atıb. “Neftçi”də forma geyinən Filip Ozobiç isə “Qəbələ” və “Qarabağ”da 10 qola sevinib.
Qeyd edək ki, Juninyo və Zubirin qol sayını artırmaq üçün növbəti şansı oktyabrın 24-də olacaq. Həmin gün “Qarabağ” Bakıda “Ayaks”ı qəbul edəcək.
Vüqar Xeyrullayev
İdman.biz