Fernandu Santuş: “Emin Mahmudovun verdiyi qərarlar xoşuma gəlmədi” - MÜSAHİBƏ

Xəbərlər
4 Oktyabr 2024 11:12
501
Fernandu Santuş: “Emin Mahmudovun verdiyi qərarlar xoşuma gəlmədi” - MÜSAHİBƏ

"Bütün futbolçularımıza inanıram"

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Ramil Şeydayevlə Emin Mahmudovun millinin heyətində yer almasına aydınlıq gətirib: "Bütün futbolçularımıza inanıram. Burada hər hansı bir cəza prinsipi yoxdur. Mən futbolçudan xoşum gəlir, yaxud gəlmir, deyə milliyə çağırmıram. Düzdür, Emin Mahmudovun verdiyi qərarlar xoşuma gəlmədi. Düşünürəm ki, kapitan qərar verməyi bacarmalıdır. İstənilən halda mən futbolçunu keyfiyyətlərinə görə milliyə dəvət edirəm".

- Hazırda zədəli futbolçu var?

- Tibb heyətindən məlumat verilib ki, hazırda heç bir zədəli oyunçumuz yoxdur. Yalnız Şahruddin Məhəmmədəliyevin xidmətindən istifadə edə bilməyəcəyik. Digər futbolçu da Bəhlul Mustafazadəddir ki, zədəli olması haqda şübhə var. Bu gün tibbi müayinədən sonra durumuna baxacağıq. Ona görə daha bir mərkəz müdafiəçisi cəlb etməli oldum. Bəhlulla bağlı məsələ hələ ki, aydın deyil.

- AFFA-nın yeni strategiyası ilə bağlı hansı təklifləri vermisiz? Yeni strategiyanı necə görürsüz?

- Bir layihəmiz var, AFFA ilə danışıqlar olub. Hansı danışıqların olması isə aramızda qalır. Bunu elan etməli tərəf varsa, AFFA-dır, mən etməməliyəm. Bura gəldiyim ilk gündə də demişdim ki, elə layihə qurmalıyıq ki, daha çox qələbə qazanan millimiz olsun, məğlubiyyətlərimiz az olsun.

- Emin Mahmudov milliyə niyə dəvət edilir?

- Çünki keyfiyyətli futbolçudur. Elə keyfiyyətlərə malikdir ki, hər futbolçuda bu yoxdur. Elə qərarlar verə bilər ki, hər oyunçu bunu edə bilmir. Heç kəs fikirləşə bilməz ki, milliyə gəlirəmsə, hər zaman oynayacam. Kim oynayacaq, oynamayacaq qərarları baş məşqçi verir. Futbolçular bilməlidir ki, onlar burada Azərbaycan millisinə xidmət edir. Komandamızı da buna görə qurmaq istəyirik. Milliyə dəvət olunmaq o demək deyil ki, 100 faiz oynayacaq. Bütün millilərdə belədir. Milli komandaya oyunçu seçimini yalnız mən edirəm. Mən və köməkçilərim Azərbaycan çempionatının bütün oyunlarını izləyirik. Xaricdə oynayanlar var ki, həmin matçlar da televiziya vasitəsilə diqqətdə saxlanılır. Bu məsələdə əmin ola bilərsiz ki, bura heç kəs kiminsə dostudur deyə, cəlb olunmur. Ya da hansısa agentlər tərəfindən bu iş aparılmır. Mənim telefonum bağlıdır. Həmişə bu tərzdə işləmişəm, işləməyə də davam edəcəm. Bu mənim məsuliyyətimdir. Bir şeyə əmin ola bilərsiz ki, seçimlərimdə kənar müdaxilələr yoxdur.

Aytac Sahəd
İdman.biz