“Bu gün hazırlıqlarımızı yekunlaşdırdıq. Cəmi bir məşqimiz qalıb. O da oyunöncəsi olacaq”.
İdman.biz xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycanın U-23 millisinin baş məşqçisi Rəcəb Fərəczadə deyib.
O, Xorvatiyada keçiriləcək dünya çempionatına hazırlıqları qiymətləndirib, hədəfləri açıqlayıb: “Komandamız mundiala tam hazırdı. Oyun vaxtını gözləyirik. Yaxşı nəticə ilə Bakıya dönməyə çalışacağıq. Hədəfimiz çempionluqdur. Hamımız oraya nəticəyə görə gedirik”.
Bəzi komandalarda viza problemi olduğu üçün millimizin rəqibləri dəyişib. Yığmamız dünya çempionatında Çexiya, Serbiya və Hindistana qarşı mübarizə aparacaq. Fərəczadə bildirib ki, bu amil problem yarada bilər: “Bununla əlaqədar komandalar haqda heç bir məlumatımız yox idi. Bilirik ki, Serbiya və Çexiyanın MFL-də çox güclü komandaları var. Hər zaman Avropa və dünya çempionatlarında yaxşı çıxış ediblər. Bu səbəbdən də qrupumuzun çətinləşdiyini düşünürəm. Birinci oyun bizə bir qədər sürpriz kimi gələcək. Rəqəbi tanımırıq. İkinci və üçüncü oyunlar yüngül olacaq. Çünki onları tanımağa vaxtımız olacaq”.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 7-dən 10-na kimi keçiriləcək.
Emin Ağa
İdman.biz