Fernandu Santuşun dəyişiklikləri – TƏHLİL

Təhlil
6 Oktyabr 2024 10:19
345
Fernandu Santuşun dəyişiklikləri – TƏHLİL

Azərbaycan millisinin oktyabr ayındakı oyunlar üçün heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, portuqaliyalı baş məşqçi Fernandu Santuş yığmamızın sükanı arxasında olduğu müddətdə ikinci dəfə futbolçular arasında seçim edib.

35 gündə dəyişməz rəqəm

Santuş ilk dəfə heyəti avqustun 30-da açıqlayıb. O, həmin vaxt İsveçlə ev, Slovakiya ilə səfər oyunları üçün futbolçulara dəvət göndərib. 35 gün sonra portuqaliyalı Estoniya ilə səfər, Slovakiya ilə ev matçları üçün heyət müəyyənləşdirib. Millətlər Liqası çərçivəsində olan bu görüşlər arasında bir aya yaxın fərq olsa da, siyahıdakı oyunçu sayı dəyişməyib. Baş məşqçi yenə sərəncamına 24 futbolçu dəvət edib.

20 toxunulmaz

Santuşun açıqladığı iki heyət arasında müqayisə maraq doğurur. İlk baxışdan da ciddi fərqin olmadığı diqqət çəkir. Bu da təsadüfi deyil. Portuqaliyalı 20 futbolçunu yenidən milliyə çağırıb. Əslində, bunun özü də gözləniləndir. Geniş oyunçu seçimi olmayan mütəxəssis təxminən eyni futbolçular arasında seçim aparır.

Dörd dəyişiklik

Baş məşqçi 35 gün əvvəlki ilə müqayisədə 4 dəyişiklik edib. Santuş daha çox islahata arxa xəttə ehtiyac görür. Bu üzdən də heyətə bir qapıçı və iki müdafiəçi yeni çağırıb. Hücumda da Santuşdan ilk dəvət alan futbolçumuz var. Maraqlıdır ki, qapıçı, hücumçu və müdafiəçilərdən biri eyni amplualı futbolçunu əvəz edibsə, arxa xətt oyunçusunun digəri yarımmüdafiəçinin yerinə çağırılıb.

Qapıdan hücuma qədər

Sentyabrda keçirilən matçlarda ehtiyatda qalan Yusif İmanovu Aydın Bayramov əvəz edib. Legioner həyatı yaşayan müdafiəçilər Anton Krivotsyuk və Zamiq Əliyevin dəvət olunması ilə iki oyunçu kənarda qalıb. Bunlar müdafiəçi Amin Seydiyev və yarımmüdafiəçi Emil Mustafayevdir. Hücum xəttindəki yenilik isə Mahir Emrelinin milliyə qayıdışı ilə bağlıdır. O, “24-lük”də Nəriman Axundzadəni əvəz edib.

Qeyd edək ki, yığmamız oktyabrın 11-də Tallində Estoniya, üç gün sonra Bakıda Slovakiya ilə görüşəcək.

Vüqar Xeyrullayev
İdman.biz