"Hazırda nəsə deyə bilmirəm. Bu cür oyunları dəqiqliklə təhlil edib danışmaq lazımdır. Elə durumdayam inanmıram ki, bu mənim başıma gəlir. Sanki yuxudayam. Ona görə də bu oyunun təhlilini ertələyirəm".
İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis Azərbaycan Premyer Liqasının IX turunda "Kəpəz"ə 3:4 hesablı məğlubiyyətdən sonra baş verənlərə izah verməkdə çətinlik çəkib: "Hələ bir dəqiqəmi belə buna həsr etməmişəm. Oyunun sonları ilə bağlı bəzi şərhlər vermək istəyirəm. Azarkeşlər mənim ünvanıma heç də yaxşı olmayan sözlər deyirdi. Mən onlardan incimirəm. Onlara bu qədər səbr etdikərinə görə təşəkkür edirəm. İstefa söhbətlərini mətbuat konfransında müzakirə etməli deyilik. Mən bunu məğlubiyyət kimi qəbul edirəm. Yenə də deyirəm, inana bilmirəm ki, bu baş verənlər mənim başıma gəlir".
Qeyd edək ki, "Neftçi" mövsümün ilk dövrəsini qələbəsiz başa vurub. Komanda 4 oyunda uduzub, 5 dəfə heç-heçə oynayıb.
İdman.biz