Avropa Liqasında 2-ci ən təcrübəli – “Qarabağ”

Xəbərlər
6 Oktyabr 2024 12:00
1 640
Avropa Liqasında 2-ci ən təcrübəli – “Qarabağ”

Avropa Liqasında ilk dəfə təcrübədən keçirilən Liqa mərhələsinin iştirakçıları arasında 2-ci ən təcrübəli komanda “Qarabağ"dır.

İdman.biz xəbər vrir ki, bu qitə turnirində indiyədək 97 oyun keçirmiş Ağdam klubu Liqa mərhələsinin 36 iştirakçısı arasında yalnız ötən mövsümdə 1/8 final yolunu kəsdiyi “Braqa”dan geri qalır.

Portuqaliya klubu Avropa Liqasında 103 oyun keçirib.

Təcrübə sahəsində Azərbaycan klubunun ən yaxın izləyiciləri 92 oyun keçirmiş “Latsio”, eləcə də 90 oyunu olan PAOK və “Alkmaar”dır. “Qarabağ”ın cari turnirdəki 8 rəqibindən ən çox oynayanı isə FCSB-dir – 87 oyun.

Oyun sayında ön sıralarda olsa da, komandamız qələbə sayında 8 rəqibindən geri qalır və 36 qəlbə ilə 9-12-ci yerləri bölüşür. Ön sırada 49 qələbəsi olan “Braqa”dır. Bu sahədə ikinci mövqedə 43 qələbəsi olan “Fənərbaxça”dır.

“Qarabağ” Avropa Liqasında 36 komanda arasında qələbələrinin sayı məğlubiyyətlərindən az olan 5 komandadan biridir. “Malmö” ilə görüşdə komandamız 39-cu məğlubiyyətini alıb.

Vurulan qollara görə 159 qollu “Braqa”nın başçılıq etdiyi siyahıda Ağdam təmsilçisi 117 qolla 13-cüdür.

Ən yaxşı top fərqi “Tottenhem”dədir - +74. Cəmisi 3 komanda qol sarıdan mənfi balansdadır ki, onlarında sırasında “Qarabağ” da var (-11). Digər iki klub isə “Ferensvaroş” (-10) və “Nitsa”dır (-15).

Vüqar Məmmədov
İdman.biz