"Neftçi"nin 127 günlük Romanı - VİDEO

Xəbərlər
7 Oktyabr 2024 20:56
3 555
"Neftçi"nin 127 günlük Romanı - VİDEO

Roman Qriqorçuk "Neftçi"nin baş məşqçi vəzifəsini tərk edib.

İdman.biz xəbər verir ki, ukraynalı mütəxəssisin paytaxt klubundakı işi 127 gün davam edib.

Uğursuz nəticələrdən sonra ukraynalı mütəxəssislə müqaviləyə bu gün qarşılıqlı şəkildə xitam verilib. Komanda Qriqorçukun rəhbərliyi ilə Azərbaycan Premyer Liqasında keçirdiyi 9 tur ərzində qələbəyə həsrət qalıb. "Ağ-qaralar" mövsümün 1-ci dövrəsində 4 dəfə uduzub, 5 oyunda isə 1 xala razı olublar. Ölkənin flaqmanı sayılan "Neftçi" tarixində belə uğursuz startı ilk dəfə yaşayır. Son tura kimi xalsız "Kəpəz"ə məğlubiyyət Qriqorçuka etmidanın tamamilə itirilməsinə səbəb olub.

Roman Qriqorçukun mətbuat konfranslarındakı fikirlərinə diqqət yetirsək, ukraynalı mütəxəssisin verdiyi vədləri yerinə yetirmədiyinin şahidi olarıq. Düzdür, bunun obyektiv və subyektiv səbəbləri ola bilər. Amma artıq bir fakt ortadadır. Ölkənin flaqmanın düşdüyü acıqnacaqlı vəziyyətin ilk günahkarı baş məşqçi seçilib.

Qara Qarayevin heyətdən uzaqlaşdırılması, Emin Mahmudovdan kapitan sarğısının alınması ukraynalı mütəxəssisin dövrünə təsadüf edib.

Roman Qriqorçukun mətbuat konfranslarından qeydlər:

03.08.2024. I tur. "Turan Tovuz"la (0:0) oyundan sonra: "Deyə bilmərəm ki, nəticədən razı deyiləm, amma əla oynadıq. Pis oynadığımızı da düşünmək olmaz. Biz yaxşı oynamağa cəhd göstərirdik. Bəzi epizodlarda pis görünmürdük. Qalib gəlsəydik, daha asan olardı, indi başqa cür danışardıq".

11.08.2024. II tur. "Səbail"lə (1:1) oyundan sonra: "Qol fürsətlərindən daha yaxşı istifadə edə bilsəydik, oyun tamamilə başqa cür alınardı. Bu matça görə heç bir futbolçuya irad bildirə bilmərəm, çünki hər kəs meydanda özünü ən yaxşı tərəfdən göstərməyə çalışırdı. Biz başa düşürük ki, “Neftçi” hər görüşdə qalib gələrək, azarkeşlərinə qələbə sevinci yaşatmalıdır. Heç bir futbolçumun fanatlara hər hansı bir formada etiraz etməsinə isə haqq qazandıra bilmərəm".

18.08.2024. III tur. "Sabah"la (0:2) oyundan sonra: "Artıq 3 turdur azarkeşlərimizə qələbə bəxş edə bilmədiyimiz üçün narazıyıq. Buna görə də hər şey neqativ görünür. Komandamıza yeni futbolçuların qoşulması sevindirici haldır. Transfer işlərinin üzərində çalışırıq, amma bu proses bitməyib, davam edir. Hər bir futbolçunun oyununa nəzər yetirib, onları mühakimə etmək üçün ən azı 5-6 tur lazımdır. Klubdan narazı olmağımla bağlı çıxan söz-söhbətləri indi sizdən eşidirəm və bunun heç bir əsası yoxdur".

24.08.2024. IV tur. "Araz-Naxçıvan"la (0:2) oyundan sonra: "Sizin işinizə hörmətlə yanaşıram, amma kapitanlıq sarğısının kimə verilməsi bizim daxili işimizdir, buna hörmətlə yanaşın. Hazırda təzyiqə az fikir verirəm. Çünki bilirəm ki, komanda yenilənmə mərhələsindədir. Biz transfer işlərini davam etdiririk. Başa düşürük ki, yeni transferlər komandaya gec qoşulublar və onlar istədiyimiz kimi hazır gəlməyiblər. Düşünürəm ki, yığmaların oyunları ilə bağlı çempionatda yaranacaq fasilədən sonra daha yaxşı oynayacağıq. Mən öz işimə fundamental yanaşıram. Seçdiyimiz yolla davam edirik və əminik ki, yekunda çox yaxşı nəticələr göstərəcəyik".

31.08.2024. V tur. "Şamaxı" ilə (0:0) oyundan sonra: "Bu gün qol epizodları yaratdıq. Onları vurmalıydıq. Çünki cəmi bir qol epizodu yaratmamışdıq. Amma şanslardan yararlana bilmədik. Çətinliyimiz bunda idi. Millinin oyunları ilə bağlı yaranmış fasilə bizim üçün çox vacibdir. Komandamızın daha da yaxşı komplektləşməsi üçün belədir. Obyektiv səbəblərə görə tam olaraq işləyə bilmədiyimiz faktorların üzərində fasilədə çalışacağıq.

15.09.2024. VI tur. "Zirə" ilə (0:2) oyundan sonra: "Bu cür oyunla nəsə gözləmək çətindir. Biz istənilən halda, daha yaxşı oynamalıyıq. Son konfransda da demişdim ki, fasilə bizə daha yaxşı təsir edəcək. Amma sözlərimi tuta bilmədim. Buna görə üzr istəyirəm. Bu cür futbola görə hamımız üzr istəməliyik. Belə futbol oynamaq olmaz".

20.09.2024. VII tur. "Qarabağ"la (0:4) oyundan sonra: "Komandanın istədiyimiz oyunu göstərməsi üçün zaman çatışmır. Amma indi susmağı daha üstün tuturam. Müxtəlif insanlar bu vəziyyətə fərqli baxır. Amma "Neftçi"nin oyunu ilə bağlı bütün tənqidləri üzərimə götürürəm. Baş verənlərin hamısının dərin analizi var. Sakitəm, rahatam. Oyunçularımıza inanıram. İnanırıq ki, siz yaxşı futbol oynayan, yaxşı nəticə qazanan "Neftçi" görəcəksiz".

28.09.2024. VIII tur. "Sumqayıt"la (1:1) oyundan sonra: "Taktiki və fiziki cəhətdən çatışmazlıqlar yoxdur. Psixoloji cəhətdən oyunçular üzərində təzyiq var. Psixoloji daha yaxşı olmalıyıq. İndi yalnız qələbə futbolçunu daha yaxşı tərəfə dəyişəcək. "Neftçi" brenddir. Nəticələr də buna layiq olmalıdır. Təbii ki, bu haqda düşünməmişdim. Çünki düşüncəmdə gələcəkdə nələr baş verəcək haqda düşünmürəm. Komandanın səkkiz oyun qalib gələ bilməyəcəyini düşünmək çətindir".

04.09.2024. IX tur. "Kəpəz"lə (3:4) oyundan sonra: "Azarkeşlər mənim ünvanıma heç də yaxşı olmayan sözlər deyirdi. Mən onlardan incimirəm. Onlara bu qədər səbr etdikərinə görə təşəkkür edirəm. İstefa söhbətlərini mətbuat konfransında müzakirə etməli deyilik. Mən bunu məğlubiyyət kimi qəbul edirəm. Yenə də deyirəm, inana bilmirəm ki, bu baş verənlər mənim başıma gəlir".

İdman.biz