“Neftçi” sabiq baş məşqçisi Roman Qriqorçukun karyerasına ən uğursuz klub kimi düşüb.
İdman.biz xəbər verir ki, Bakı klubu ukraynalı mütəxəssisin rəhbərliyi dövründə qələbə qazanmayan yeganə komanda olub.
Paytaxt təmsilçisi 9 görüşə çıxsa da, qalib gələ bilməyib. Karyerası ərzində 8 klubda çalışan Qriqorçuk “Çernomorets” və Zaporojye “Metallurq”unun sükanı arxasına iki dəfə keçib. “Neftçi”yə qədər 9 iş yeri olan ukraynalı heç vaxt postunu qələbəsiz tərk etməmişdi. 10-cu təyinatı isə uğursuz nəticələnib.
Amma cəmi 9 oyuna çıxardığı “Neftçi” Qriqorçukun karyerasında ən qısamüddətli iş yeri deyil. O, 2009-cu ilin oktyabr-noyabr aylarında Zaporojye təmsilçisini cəmi 3 matça çıxardıqdan sonra tərk edib. Amma bu müddətdə də qələbə sevinci yaşayıb. Düzdür, “Metallurq”dan ayrılıq cəmi 28 gün sürüb və dekabrda ikinci dəfə bu klubun baş məşqçisi təyin edilib.
Qeyd edək ki, Qriqorçuk 2000-ci ildə başlayan məşqçilik karyerası ərzində “Neftçi”yə qədər Latviyada “Dinaburq”la “Ventspils”, Ukraynada “Metallurq”la “Çernomorets”, Azərbaycanda “Qəbələ”, Belarusda “Şaxtyor”, Qazaxıstanda “Astana”ya rəhbərlik edib.
İdman.biz