“Neftçi”dəki qısamüddətli Roman Qriqorçuk dövrü başa çatıb.
İdman.biz xəbər verir ki, “Qəbələ”dəki uğurlu fəaliyyəti ilə yadda qalan ukraynalı mütəxəssis Azərbaycandakı ikinci klubunda fiasko ilə üzləşib.
9 oyunda qələbə qazanmayan “ağ-qaralar” həm kluba, həm baş məşqçiyə yaraşmayan seriyaya üzülüb. “Qəbələ”ni iki dəfə Avropa Liqasının qrupuna daşıyan və daxili yarışlarda çoxsaylı uğurlar əldə edən mütəxəssis ölkəmizdə qazandığı imici 3 ayın içində “xərcləyib”. “Qırmızı-qaralar”la 2 gümüş, 2 bürünc əldə edən çalışdırıcı 2 dəfə final həyəcanı yaşadığı halda bu dəfə az qala Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq təsiri bağışlayır.
Amma bu, ilk belə hadisə deyil. Qriqorçukdan əvvəl də ölkəmizdə bir neçə klub dəyişənlər heç də həmişə uğurlu olmayıb.
“Qızıl oyun”dan sələfliyə
Azərbaycan futboluna iki klubda çalışan ilk əcnəbi kimi düşən Rasim Kara olub. 2004-05-ci illərdə “Xəzər Lənkəran”a rəhbərlik edən türkiyəli komandanı “Qızıl oyun”a qədər daşıyıb. Amma 2004/05 mövsümünün çempionluğunun taleyi həll olunan matçda “Neftçi” sevinib. Gümüş mükafatçı olan baş məşqçi təxminən iki il sonra “Qarabağ”da peyda olub. Lakin mövsümyarım ərzində heç nə qazana bilməyən Kara daha çox çempionatın startı öncəsi “Xəzər Lənkəran”a “qaçmaq”la yadda qalıb. Gəncləşdirmə aparan və nəticələrdən uzaq olan türkiyəli ən yaxşı halda Qurban Qurbanovun bu postdakı sələfi kimi xatırlanır.
Autsayderə çevrilən çempionu
Kara Azərbaycanda medal qazanan ilk əcnəbi məşqçi olubsa, Qyoko Hacıyevski “Bakı” ilə çempion olan ilk legioner kimi tarixə düşüb. O, 2008/09 mövsümündə “zolaqlılar”ı qızıl medallara qədər yüksəldib. Paytaxtın eyniadlı klubunda yetərincə uğurlu çalışmış şimali makedoniyalının Azərbaycanda ikinci klubu "Simurq" olub. 2010/11 mövsümünün 32 matçında cəmi 4 qələbə görən Zaqatala klubu son iki pillədən birinin sahibi kimi I diviziona düşməli idi. Amma sonda 11-ci yer sahibi elitada saxlanılıb, Hacıyevski isə postundan fiasko müəllifi kimi ayrılıb.
Parlaq finişdən sonra
“Bakı”nın sabiq çalışdırıcısı Cüneyt Biçer Azərbaycana köməkçi məşqçi kimi gəlsə də, 2009/10 mövsümünün sonunda “başsız” qalan komandanın sükanı arxasına keçib. Uğursuz mövsümdəki parlaq finiş onu tez məşhurlaşdırıb. Əvvəl çempionatın son turunda, ardınca finalda “Xəzər Lənkəran”ı məğlub edən bakılılar rəqibini qızıl medal və kubokdan məhrum ediblər. Bu finişdən sonra bir müddət “Bakı”da çalışan Biçer işsiz qaldığı vaxtlarda ölkəmizə qayıdıb. Ondan “ən çox çəkən” “Xəzər Lənkəran” türkiyəliyə xilaskar kimi baxsa da, 2011/12 mövsümünün qışında dəvət olunan çalışdırıcı 3 aydan bir az çox çalışdığı Cənub təmsilçisini əliboş tərk edib.
“Nəhs”də qalan
Premyer Liqamızda iki klubda çalışan digər əcnəbi Kemal Alispahiç olub. Əgər Kara vitse-çempion, Hacıyevski çempion, Biçer vitse-çempion və kubok sahibliyi qazandığı bir komandadan sonra digərində uğursuzluq yaşayıbsa, Bosniya və herseqovinalı hər iki klubunda iddiasızlığı ilə seçilib. “Muğan”dakı o qədər də yadda qalmayan fəaliyyətindən 3 il sonra az qala “eyni klub” olan “Rəvan” da ona elçi düşüb. Cəmi 13 oyun postunda qalan çalışdırıcı 2012-ci ilin son 4 ayında uğursuzluqdan başqa heç nəylə fərqlənməyib.
İstisna tendensiyaya gec qoşuldu
Azərbaycanda çalışdığı ikinci klubunda “2” almayan yeganə mütəxəssis Kaxaber Tsxadadzedir. “Standard”dakı yarım mövsümlük fəaliyyəti zamanı heç nəylə yadda qalmayan gürcüstanlının bütün uğurları “İnter”lə bağlı olub. Uzun müddət çalışdırdığı Bakı klubu ilə ölkə çempionluğu, 2 gümüş və 2 bürünc medal əldə edən Tsxadadze kubokun finalının həyəcanını da yaşayıb. Legionerlərin ikinci klubunda “2” almaq tendensiyasını pozan gürcüstanlı bu ənənəyə 3-cü klubu ilə qoşulub. İndi “Şamaxı” adlanan “İnter”dən ayrıldıqdan 9 il sonra “Qəbələ”yə gələn çalışdırıcı yaxşı günlərini yaşamayan komandanı Premyer Liqada saxlaya bilməyib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında indiyədək 64 legioner baş məşqçi çalışıb.
İdman.biz