Zamiq Əliyev: “İnkişaf etməliyəm”

Xəbərlər
8 Oktyabr 2024 17:35
408
Zamiq Əliyev: “İnkişaf etməliyəm”

“İnsanlarda müsbət baxış yaratmışamsa, buna ancaq sevinə bilərəm. Amma daha çox inkişaf etməliyəm. Bunun üçün öz üzərimdə durmadan çalışıram”.

Bunu İdman.bizə Azərbaycan millisinə ilk dəfə dəvət alan müdafiəçi Zamiq Əliyev deyib.

23 yaşlı futbolçu yığmaya çağırılmasına münasibət bildirib. Onun sözlərinə görə, hədəfi komandada yerini təmin etmək və yaxşı nəticələr qazanmaqdır: “Allaha çox şükür olsun ki, ən böyük arzularımdan və hədəflərimdən biri gerçək oldu. Milli komandaya dəvət aldığım üçün çox qürurlu və xoşbəxtəm. Əlimdən gələn hər şeyi edəcəm ki, millidə yerim davamlı olsun. Yığmadayamsa, deməli, oynamağa hazıram. Şans qazansam, özümü doğrultmaq üçün çalışacam. Kimin oynamağından asılı olmayaraq hamımız yığma üçün əlimizdən gələni edəcəyik”.

Mövsümün əvvəlindən Albaniyanın “Eqnatiya” klubuna transfer olunan Əliyev ilin onun üçün uğurlu alındığını da vurğulayıb: “Bu il mənim üçün yaxşı başladı. Karyeramda yüksəlişə doğru addımlayıram. Amma bu, hələ başlanğıcdır. Yol uzundur, hədəflərim isə böyük. İstəklərimə addım-addım yaxınlaşmaq üçün var gücümlə çalışıram”.

Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasında oktyabrın 11-də səfərdə Estoniya ilə, 3 gün sonra isə Bakıda Slovakiya ilə üz-üzə gələcək.

Emin Ağa
İdman.biz

Məqalədə: