“Kəpəz”in qapıçısı: “Son şansımız idi”

Müsahibə
10 Oktyabr 2024 15:50
292
“Kəpəz”in qapıçısı: “Son şansımız idi”

“Kəpəz”in qapıçısı Rojerio Santos klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, 26 yaşlı portuqaliyalı qolkiper komandanın çıxışını dəyərləndirib və qarşıdakı oyunlardan danışıb.

- Rojerio, məğlubiyyət seriyasına son qoyulan “Neftçi” ilə oyun barədə nə deyə bilərsən?

- Çempionatda işlərimiz istədiyimiz kimi başlamadı. Ardıcıl oyunlar uduzduq. Vəziyyətdən çıxmaq üçün “Neftçi” ilə oyun bizim son şansımız idi. Qələbə qazanmaq istəyirdik. Buna da nail olduq. Qalib gəldiyimiz üçün çox xoşbəxtik. Komanda yoldaşlarım meydanda can qoydular. Bacardığımızdan bəlkə də artığını etdik. Uşaqların oyundan öncə də əhval-ruhiyyəsi yaxşı idi. Bu da qələbədə rol oynadı.

- Sənin oyunun sonlarına doğru iki möhtəşəm reaksiyan komandanın qələbəsində az rol oynamadı. Özünü xilaskar sayırsan?

- Həmin iki zərbə oyunun taleyini dəyişə bilərdi. Şükürlər olsun ki, yaxşı reaksiya verib zərbələri dəf etdim. Açığı, qapıda durmaq, zərbələri dəf etmək mənim işimdir. Öz işimi görmüşəm. Fövqəladə bir şey etməmişəm. Hamı öz işini layiqincə yerinə yetirməlidir ki, nəticə olsun. Hamımız bir ailə kimiyik. Klub rəhbərliyi, məşqçilər, futbolçular və azarkeşlər birləşmişik.

- Çempionatda milli komandaların oyunları ilə bağlı fasilə yaranıb. Fasilə komandanın xeyrinə olacaq?

- Əlbəttə, yaxşı mənada təsir edəcək. Çünki yaxşı hazırlaşmaq üçün çox vaxtımız olacaq. Mövsümə uğursuz start vermişik. Amma artıq toparlanmışıq. Düşünürəm ki, bizim üçün vəziyyət dəyişib. Uğurlu nəticənin ardı gəlməlidir.

- Qarşıda “Qarabağ” ilə oyun var. İlk dövrədəki matçda meydanı zədələnərək tərk etdin. Sən əvəzlənəndən sonra komanda qollar buraxıb uduzdu. İndi hansı nəticəyə ümid etmək olar?

- Bizi güclü rəqib ilə çətin oyun gözləyir. Onların gücünü hamı bilir. Amma futbol proqnozu sevmir. Hər şey ola bilər. Çox çalışmalıyıq. Məşqlərdə səylə işləməliyik ki, oyuna tam hazır ola bilək.

İdman.biz