“Klub rəhbərliyi əlindən gələni etdi. Məncə, bunu hamı görür. Son baş məşqçi ilə alınmadı. Roman Qriqorçuk kifayət qədər peşəkar məşqçidir”.
İdman.biz xəbər verir ki, bunu “Neftçi"nin Müşahidə Şurasının üzvü Emin Əmrullayev deyib.
O, prezidenti olduğu Azərbaycan Basketbol Federasiyasının yeni mövsümün açılışı ilə bağlı keçirdiyi tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb: “Hazırda yeni məşqçi ilə bağlı təhlillər aparılır. Ona görə nə isə deməyim düz olmaz. Çünki rəhbərliyə müəyyən namizədlər təklif olunub. Yaxın gələcəkdə yeni məşqçinin adını siz də biləcəksiz. Futbolda belə hallar təəssüf ki, olur. “Neftçi” nə birinci, nə sonuncu komandadır. Mövsümün əvvəlinə böyük ümidlə başladıq. Hamı da, futbol ictimaiyyəti də bu qərarı səhv kimi görmürdü. Təəssüf ki, belə alındı. “Neftçi” rəhbərliyi nə isə etməliydi ki, dəyişikliklər olsun. Ona görə bu dəyişikliklərə getmək məcburiyyətində qaldıq”.
Əmrullayev rəhbərliyin məqsədini açıqlayıb: “Rəhbərliyin bir qərarı olmalı idi. Biz nə isə etməliydik və onu etdik. Məşqçi ilə normal, peşəkar qaydada yollar ayrıldı. İstəməzdik ki, belə olsun. Yeni baş məşqçinin cəlb olunması ilə bağlı ən düzgün qərarı verməyə çalışırıq. Amma “Neftçi” tərəfindən son aylar ərzində həm baza, həm digər istiqamətlərdə kifayət qədər işlər görülüb. Birmənalı şəkildə əminəm ki, bunlar öz nəticəsini göstərəcək. Əlbəttə ki, “Neftçi”nin mövsümü xilas edib avrokuboklara düşmək şansı var. “Neftçi” həmişə qələbə üçün oynayıb, əgər 1-ci yerdə deyilsə, artıq bu, müəyyən mənada uğursuzluqdur. Bizim də məqsədimiz “Neftçi”ni Azərbaycanın 1-ci klubu etməkdir. Bu, sadəcə prosesdir, bəzən alınır, bəzən alınmır. Nə baş verdiyini siz də, biz də görürük. Burda inanmaq və hamı tərəfdən dəstək olmaq lazımdır. Bir az da səbirli olaq. Çalışırıq ki, “Neftçi” üçün ən yaxşı olan qərarı verək”.
Şura üzvü komandanın tez-tez məşqçi dəyişməsinə də münasibət bildirib: “Ötən mövsümə hazırlıq gec başladı. Məşqçi seçimi də oldu. Adrian Mutu ilə uzunmüddətli layihəmiz var idi. Onunla çalışmağa da qərarlı idik. Lakin ailəsinə görə getməsinə görə biz də yaxşı vəziyyətdə qalmadıq. İşindən razı olduğumuz məqamlar da var idi. Ona zaman da verməyə hazır idik. Amma onun həyatında belə hadisə baş verdi. Biz seçim qarşısında qaldıq. İlin sonunda nəticə ürəkaçan olmadı. Bir oyundakı nəticəyə görə fərqli alındı. Bu da bizim üçün məqbul hesab edilmədi. Ona görə Azərbaycan üçün tanış və uyğun sayılan məşqçini seçdik. Onda da alınmayandan sonra prosesi davam etdirəcəyik. Azarkeşləri başa düşürük. İstəyirik ki, hamı səbirli olsun. Biz də onlar qədər məyusuq. Heç kim, o cümlədən rəhbərlik də “Neftçi”nin tutduğu yerdən məmnun deyil. Hamı məsuliyyətini, işini başa düşür. Eyni zamanda əlimizdən gələni edirik ki, uyğun və düzgün məşqçi seçək”.
Qeyd edək ki, “Neftçi” Premyer Liqanın turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
Emin Ağa
İdman.biz