Estoniyalı jurnalist: “Biz matçı qazanmalıyıq”

Xəbərlər
11 Oktyabr 2024 09:25
248
Estoniyalı jurnalist: “Biz matçı qazanmalıyıq”

Estoniyalı jurnalist, Soccernet.ee saytının və “Jalka” jurnalının baş redaktoru Raul Ojassaar eksklüziv olaraq İdman.biz üçün bu gün Tallində keçiriləcək Estoniya – Azərbaycan oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Azərbaycanla qarşıdakı iki qarşılaşma, xüsusən də ev oyunu bu mövsüm UEFA Millətlər Liqasında Estoniya üçün ən vacib iki oyundur. İsveç və Slovakiya bizdən daha güclü, Azərbaycan isə az-çox bərabər rəqib hesab olunur. Çox güman, qrupda 3-cü və 4-cü yerləri kimlərin tutacağı Tallin və Qəbələdə keçiriləcək bu iki qarşılaşmada müəyyənləşəcək.

Ötən ilin oktyabrında evdə Azərbaycana 0:2 hesabı ilə uduzmaq bizim üçün böyük məyusluq oldu və bu dəfə mütləq daha yaxşı nəticə qazanmalıyıq.
O vaxtdan baş məşqçimizi dəyişdik və yeni baş məşqçi Yurgen Henn azarkeşlər arasında Tomas Haberlidən daha çox populyardır, daha açıq və hücum üslubu ilə oynayır. İyun ayında Farer adalarını evdə 4:1 hesabı ilə məğlub etdik və Litva ilə heç-heçədən sonra Baltik Kubokunu qazandıq, ona görə də Haberlinin dövründəkindən daha çox optimizm və ümid var.

Deyərdim ki, Estoniya bu görüşdə mütləq qalib gəlməlidir. Azərbaycanın məşhur məşqçisi və "Qarabağ"la Avropa Liqasında çıxış edən bir neçə futbolçusu ola bilər, lakin Estoniyanı qorxudan və ya qorxutmalı olan bu deyil. Şübhəsiz ki, bir il əvvəlkindən daha yaxşı vəziyyətdəyik və insanlar stadiona üç xal ümidi ilə gələcəklər”.

Qeyd edək ki, Tallində keçiriləcək Estoniya - Azərbaycan matçı bu gün Bakı vaxtilə saat 20.00-da başlayacaq.

Rasim, Tallin
İdman.biz

Məqalədə: