Arif Əsədov: “Estonlar başa düşürlər ki, qrupda yalnız bizi məğlub edə bilərlər”

Xəbərlər
11 Oktyabr 2024 14:56
688
Arif Əsədov: “Estonlar başa düşürlər ki, qrupda yalnız bizi məğlub edə bilərlər”

“Tanış rəqiblə oynayırıq. Avropa çempionatının seçmə mərhələsində də onlarla görüşmüşdük”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis bu gün Millətlər Liqası çərçivəsində keçiriləcək Estoniya – Azərbaycan oyunundan gözləntilərini açıqlayıb. O bildirib ki, görüşün favoriti yığmamızdır: “Qrupda da 3-cü yer uğrunda mübarizə bu iki komanda arasında gedəcək. Bu baxımdan ən azından səfərdəki heç-heçə aktivimizə yazıla bilər. Millimiz rəqibdən güclüdür. Texniki, taktiki və səviyyə baxımından da öndəyik. Onların üstünlükləri isə standart vəziyyətlər və ikili mübarizələr ola bilər. Çünki estonların fiziki göstəriciləri yaxşıdır”.

Əsədovun sözlərinə görə, rəqib də revanş arzusu ilə meydana çıxacaq: “Onlar keçənilki məğlubiyyətin əvəzini çıxmaq istəyəcəklər. Evdə oynayırlar və başa düşürlər ki, bu qrupda yalnız bizi məğlub edə bilərlər. Bizimlə onlar arasında olan matçları 6 xallıq oyunlar hesab etmək olar. Ona görə də maksimum dərəcədə bu oyuna köklənəcəklər. Təbii ki, çətin olacaq, xüsusi ilə də matçın əvvəlləri. Əsas odur ki, standart vəziyyətlərdə rəqibə uduzmayaq. Amma imkanlarımızın da olacağını düşünürəm”.

Əsədov yığmaya qayıdan və zədələnərək heyəti tərk edən oyunçulardan da danışıb: “Mahir Emrelinin komandaya qayıtması əlavə gücdür. Kreativ oyunçudur və rəqibin hündürboy, topla texniki baxımdan zəif oynayan futbolçularına qarşı sürəti, texnikası komandamıza kömək olacaq. Üstəlik, Anton Krivatsyukun da gəlməyi müsbət amildir. Əvəzində, Bəhlul Mustafazadə və Elvin Camalovun zədəli olması problem yarada bilər. Eyni zamanda, Emin Mahmudovun da hansı durumda olması çox vacibdir. Amma Mahmudov sonradan da oyuna qoşulsa belə faydalı olacaq”.

Qeyd edək ki, Estoniya - Azərbaycan matçı saat 20:00-da start götürəcək.

Emin Ağa
İdman.biz