Yunis Hüseynov: “Yığmanın oyunçuları bütün varlıqlarını meydanda qoymalıdır”

Xəbərlər
12 Oktyabr 2024 15:13
331
Yunis Hüseynov: “Yığmanın oyunçuları bütün varlıqlarını meydanda qoymalıdır”

“Hamımız çox məyus olduq. Püşk atılanda da bütün mütəxəssislər Estoniyanın dişimizə görə rəqib olduğunu deyirdilər. Fikirləşirdik ki, hər 2 oyunda qələbə qazanarıq”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov deyib.

Təcrübəli mütəxəssis Millətlər Liqasında Azərbaycanın Estoniyaya 1:3 hesabı ilə uduzduğu matçı şərh edib. O bildirib ki, yığmamız həddindən artıq bəsit qollar buraxıb: “Müdafiədə çoxlu səhvlər oldu. İlk hissədə Renat Dadaşovun zərbəsi dirəkdən qayıtmasaydı, tamam fərqli nəticə alınacaqdı. “Vurmuyana vurarlar” prinsipi işə düşdü. İlk hissədə komandamız yaxşı təsir bağışladı. Bunu danmaq olmaz. Hər zaman nəticə yadda qalır. Müdafiədə səhvlərimizdən sonra 3 top buraxdıq və hücumda dişsizlik özünü göstərdi”.

Hüseynov məğlubiyyətin əsas səbəblərini də açıqlayıb: “Yığmada oynayan futbolçular anlamalıdır ki, bu, klub deyil, millidir. Yığmanın oyunçuları bütün varlıqlarını meydanda qoymalıdır. Məşqçinin işinə qarışmaq istəmirəm. Amma 2-3 futbolçu var idi ki, ansanbla düşə bilmirdilər. Onların zəif çıxışı da oyuna təsir edirdi. Komandada əgər 1-2 futbolçu zəif çıxış edirsə, o zonalarda rəqib üstünlüyü əldə edir. Ona görə də dünənki matçda məğlub olduq. Həm də futbolçu seçimimiz azdır. Hər dəfə eyni oyunçular yığmada çıxış edir. Seçim az olana qədər belə də davam edəcək”.

Qeyd edək ki, yığmamız növbəti oyunu oktyabrın 14-də Bakıda Slovakiyaya qarşı keçirəcək.

Emin Ağa
İdman.biz

Məqalədə: