Millimizin 303-cü sınağı

Xəbərlər
14 Oktyabr 2024 09:17
899
Millimizin 303-cü sınağı

Bu gün Azərbaycan milli komandası növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, yığmamız Millətlər Liqasının IV turunda Slovakiya ilə qarşılaşacaq.

Bakıda baş tutacaq matç komandamızın tarixində 303-cü sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 302 oyuna çıxıb.

Bu müddətdə 61 qələbə qazanan futbolçularımız 78 heç-heçəyə nail olub və 163 dəfə uduzub. Əvvəlki 302 qarşılaşmada 234 qol vuran futbolçularımız 502 top buraxıb.

Bu, millinin rəsmi turnirlər çərçivəsində 164-cü oyunu olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri, Millətlər Liqasında ümumilikdə 163 matç keçirən komandamız 21 qələbə qazanıb, 33 heç-heçə edib və 109 dəfə xalsız qalıb. 100 qol vuran millimiz 326 dəfə top buraxıb.

Azərbaycan yığması Millətlər Liqasında 22-ci görüşünü keçirəcək. 6 qələbə və 7 heç-heçəsi olan komandamız 8 dəfə uduzub. 18 qola sevinən futbolçularımız 22 dəfə topu öz qapısında görüblər.

Ev matçı Fernandu Santuşun baş məşqçi postunda 4-cü sınağı olacaq. İsveç və Estoniyaya eyni - 1:3, Slovakiyaya 0:2 hesabı ilə uduzan portuqaliyalının yetirmələri xala həsrət qalıblar. 3 məğlubiyyət aldığı oyunlarda 2 qol vuran milli 8 topa üzülüb.

Qeyd edək ki, oktyabrın 14-də keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: