Aslan Kərimov: “Slovakiyadan xal almağımız...”

Xəbərlər
14 Oktyabr 2024 13:31
348
Aslan Kərimov: “Slovakiyadan xal almağımız...”

“Bizi maraqlı oyun gözləyir. Rəqibimiz çox təcrübəli komandadır”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov deyib.

O, yığmamızın Millətlər Liqasında Slovakiya ilə görüşündən gözləntilərini açıqlayıb. Kərimov bildirib ki, Estoniyaya məğlubiyyətdən sonra futbolçuların psixoloji durumu bu matça da təsir edə bilər: “Slovakiyanın oyunçuları PSJ, “Bohum”, “Herta”, “Napoli” kimi klublarda oynayırlar. Bütün aparıcı futbolçuları Avropanın aparıcı liqalarında mübarizə aparırlar. Hesab edirəm ki, belə bir güclü rəqibə qarşı evdə güclü çıxış edə bilərik. Estoniyaya məğlubiyyət futbolçularda gərginlik yaradıb. Amma bu oyuna bunun təsir edib və ya etməyəcəyi texniki heyətin üzərinə düşür. Bu onların vəzifəsidir ki, belə bir məğlubiyyətdən sonra oyunçuları gərgin vəziyyətdən çıxarsınlar. Estoniya 3 hücum edib 3 qol vurdu. Acı məğlubiyyət oldu. Ümid edək ki, gərgin psixoloji durumdan komandanı çıxarmaq mümkün olub”.

Kərimov millimizə inandığını da gizlətməyib: “Bakıda həddindən artıq qaçmalı olacaqlar. Belə bir təcrübəli komandaya qarşı öndə oynamaq təhlükəli ola bilər. Estoniya millisi belə bizə 3 qol vurmağı bacardı. Öndə olduğumuz zaman müdafiəyə qayıtmaq çətin olurdu. Bunu nəzərə alaraq düşünürəm ki, açıq şəkildə öndə olmaq bizə qarşı əks-hücumların daha çox olmasınma gətirib çıxara bilər. Ehtiyatlı oynamalıyıq. Rəqibi üzərimizə çəkib onların müdafiəsinin arxasında boşluqlardan istifadə etməyə çalışmalıyıq. Hər halda bu matçda yaxşı çıxış edəcəyimizə inanıram. Xal almağımız çətin görünür. Ümid edək ki, xal qazanacağıq”.

Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı bu gün saat 20:00-da start götürəcək.

Emin Ağa
İdman.biz