Arif Əsədov: “Millidə psixoloji durum yaxşı deyil”

Xəbərlər
15 Oktyabr 2024 11:02
408
Arif Əsədov: “Millidə psixoloji durum yaxşı deyil”

“Slovakiya millisinin güclü rəqib olması məlum məsələ idi. Bu baxımdan da matçın çətin keçəcəyi proqnozlaşdırılırdı”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

O, yığmamızın Millətlər Liqasının IV turu çərçivəsində Bakıda Slovakiyaya 1:3 hesabla məğlub olduğu matçı şərh edib. Təcrübəli mütəxəssis bildirib ki, rəqib nəinki oyunun, qrupun favoritidir: “Estoniyaya məğlubiyyətdən sonra millimizin psixoloji durumu heç də yaxşı deyildi. İlk hissədə gözlənilmədən buraxdığımız qola kimi bu hal özünü büruzə verirdi. Amma sonradan komanda toparlandı, üstünlüyü ələ aldı. İlk hissənin sonlarına yaxın qol vuraraq hesabı bərabərləşdirməyə də nail ola bildik. Amma ikinci 45 dəqiqədə taktiki dəyişiklik oldu, 5-li müdafiədən 4-lüyə keçdik. Emin Mahmudovu oyuna buraxmaqla ortada bir az da üstünlük yaratmağa çalışdıq. Lakin matçın dönüş nöqtəsi Mahir Emrelinin qırmızı vərəqə alması oldu”.

Əsədovun sözlərinə görə, Mahiri cəzasından öncə dəyişməyə ehtiyac var idi: “Çünki “sarısı” vardı, eyni zamanda tam fiziki formada olmadığı üçün yorulmuşdu. Bu səbəbdən nəzərə alınmalı bir durum idi. Məşqçilər dəyişiklik etməliydi. Bəlkə də, Mahiri Renat Dadaşovla dəyişsəydilər, qırmızı vərəqə olmayacaqdı. 10 nəfərlə belə rəqibə qarşı mübarizə aparmaq bizim milli üçün demək olar ki, çətin idi. Bütün bunlara görə də, ikinci və üçüncü qolları buraxdıq, nəticədə də məğlub olduq. Psixoloji durumumuz yaxşı deyil. Qrupda sonuncu olmamaq barədə düşünməliyik ki, D liqasına enməyək. Çalışıb son oyunlarda maksimum xallar götürməliyik. Bunun üçün də son dərəcədə hazırlaşmalıyıq”.

Qeyd edək ki, millimiz növbəti oyununu noyabrın 16-da Estoniyaya qarşı keçirəcək. Matç Qəbələ şəhər stadionunda baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: