Yenə Millətlər Liqasında: Mahirin ikinci qırmızısı

Xəbərlər
15 Oktyabr 2024 13:43
352
Yenə Millətlər Liqasında: Mahirin ikinci qırmızısı

Mahir Emreli Azərbaycan millisinin heyətində ikinci qırmızı vərəqəsini alıb.

İdman.biz xəbər verir ki, 27 yaşlı hücumçu yubiley – 50-ci oyununda belə cəzaya layiq görülüb.

Slovakiya ilə görüşün ikinci hissəsində meydandan kənarlaşdırılan forvard bu dəfə də Millətlər Liqasının matçında qırmızı alıb. O, 2020-ci il sentyabrın 5-də Lüksemburqla ev oyununu da erkən bitirib. İndi 1:3 hesabı ilə uduzan yığma 4 il əvvəl də öz meydanında məğlubiyyət alıb – 1:2.

Həmin vaxt Mahir daha tez – 25-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalanmışdı. Maraqlıdır ki, həmin görüşdə də komandamız azlıqda qalanda hesab indiki kimi bərabər olub. Amma onda 0:0, indi 1:1 olan qarşılaşmaların ikisində də rəqib say üstünlüyündən yararlanıb. Daha bir diqqətçəkən məqam isə hər iki matçda avtoqolun olmasıdır. Lüksemburq Anton Krivotsyukun, Slovakiya Rahil Məmmədovun sayəsində oyundakı ilk qoluna sevinib.

Ümumiyyətlə, Emreli yığmada ən çox qırmızı vərəqə alan hücumçu olub. Belə ki, 2 və daha çox cəza alanlar arxa xətt oyunçularıdır. Aslan Kərimov, Bədavi Hüseynov, Samir Abasov, Rasim Abışov və Saşa Yunisoğlu da Mahir kimi iki dəfə önündə qırmızı görüb. Antirekord isə 4 belə cəza alan Tərlan Əhmədova məxsusdur.

Qeyd edək ki, yığmamız Millətlər Liqasının bu il keçirdiyi 4 görüşünün hamısında uduzub.

İdman.biz

Məqalədə: