Azərbaycan – Slovakiya: kim nədə uduzdu?

Xəbərlər
15 Oktyabr 2024 14:14
315
Azərbaycan – Slovakiya: kim nədə uduzdu?

Azərbaycan millisi UEFA Millətlər Liqasının 4-cü turunda Slovakiya ilə ev matçında son 20 dəqiqədə azlıqda qalaraq məğlub oldu. Əsas qeydə alınan və lazım olan da matçın nəticəsidir. Bəs, ümumiyyətlə, matçda müxtəlif parametrlərdə hansı komanda üstün oldu? Kim nədə uddu, nədə uduzdu?

İdman.biz bu suallara cavab tapmaq üçün matçın statistik göstəricilərini nəzərdən keçirib.

Oyunun ipi qonaqların əlində idi. Rəqibin topa sahib olmada 60 faizin 40-a üstünlüyü də bunu aşkar nümayiş etdirir.

Digər mühüm məqam qapılara zərbələrdir. Burda Azərbaycanın cüzi üstünlüyü var – 10-9. Hər iki qapıçı bu zərbələrdən 1-ni dəf edib. Hər iki halda da top yumruqlarla dəf edilib. Zərbələrin dəqiqliyində isə komandamız geri qalıb. 7 zərbəmiz qapıdan yan keçib, 1-i də bloka alınıb. Slovakların 3 zərbəsi qeyri-dəqiq olub, 3-ü də bloklanıb. Hər iki komanda zərbələrinin 6-sını cərimə meydançası daxilindən edib.

Matçda 11 künc zərbəsinin 5-i bizimkilərin payına düşüb.

Komandamız 3 real qol şansını əldən veribsə, qonaqlar bütün real imkanlarını qola çeviriblər.

Azərbaycan futbolçuları 387 ötürmənin 312-də dəqiq olduğu halda, slovakların 587 ötürməsinin 512-si dəqiq olub. Nəticədə dəqiqlik faizi müvafiq olaraq 81 və 87 olub.

Mövqe mübarizəsində ev sahiblərinin müəyyən üstünlüyü var idi – 53 faizin 47-yə. Hava mübarizəsində isə futbolçularımız daha hündür olan slovaklarla tam bərabər olublar.

Futbolçularımızın 5 driblinqindən cəmisi 1-i uğurlu alınıbsa, rəqibdə uğur göstəricisi 19-dan 5 olub.

Müdafiədə ümumiyyətlə, topalmada komandamız üstün olsa da (23-9), birbaşa ayaqdan topalmada üstünlük qonaqlarda olub (6-8).

Matçda yeganə offsayda ev sahibləri düşüblər.

Futbolçularımız 17, rəqiblər 10 dəfə fol ediblər.

Hakim matçda ancaq Azərbaycan yığmasının oyunçularına vərəqə göstərib. Bunlardan 3-ü sarı, 1-i qırmızı olub. Sonuncunun da matçın həm nəticəsinə, həm də statistik göstəricilərinə böyük təsiri olub.

Vüqar Məmmədov
İdman.biz