Azərbaycan millisində debüt gerçəkləşib.
İdman.biz xəbər verir ki, Vadim Abdullayev yığmada ilk oyununu keçirib.
Bu, Millətlər Liqasının IV turunun Slovakiya ilə ev matçına (1:3) təsadüf edib. 29 yaşlı yarımmüdafiəçi görüşün sonlarında meydana çıxıb.
Vadim milli komandamızın 32 illik tarixində 269-cu futbolçu olub. Bunadək keçirilən 302 matçda 268 oyunçu şans qazanmışdı.
Abdullayev həm də indiki baş məşqçi Fernandu Santuşun dövründə debüt edən ilk futbolçudur. Portuqaliyalı ilk üç matçda heç bir debütanta güvənməmişdi.
Ümumiyyətlə son debütantlar 7 ay əvvəl belə imkan əldə ediblər. Monqolustanla martın 22-də keçirilən görüşdə Rza Cəfərov 267-ci, Emil Mustafayev 268-ci olub.
Qeyd edək ki, millimizin Slovakiya ilə görüşündə ehtiyatda qalan iki oyunçu – Aydin Bayramovla Zamiq Əliyev də debüt anını gözləyirdilər.
Vüqar Xeyrullayev
İdman.biz