Paralimpiya çempionu "Kəpəz"in məşqində - FOTO

Xəbərlər
16 Oktyabr 2024 12:03
327
Paralimpiya çempionu "Kəpəz"in məşqində - FOTO

Paris-2024 Yay Paralimpiya Oyunlarının qalibi, parataekvondoçu İmaməddin Xəlilov "Kəpəz"in məşqini izləyib.

İdman.biz xəbər verir ki, Gəncə idman məktəbinin yetirməsi klub rəhbərliyi, məşqçilər korpusu və futbolçularla görüşüb.

Klubun icraçı direktoru Cabir İbrahimov paralimpiyaçılarımızın öz çıxışları, əzmkar mübarizələri ilə hamıya nümunə olduqlarını bildirib. Dövlət tərəfindən göstərilən diqqət nəticəsində idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri uğurların sayının ildən-ilə artdığını, xalqımızın qazanılan qələbələrlə qürur duyduğunu qeyd edib.

Komandanın baş məşqçisi Azər Bağırov paralimpiyaçılarımızın daim dördilliyin ən böyük yarışında uğurlar qazanaraq Azərbaycan bayrağını yüksəklərdə dalğalandırdıqlarını deyib. Onların Parisdə də Azərbaycanı layiqincə təmsil etmək üçün böyük səy göstərdiklərini əlavə edib.

İmaməddin Xəlilov xoş sözlərə və səmimi qarşılanmaya görə kollektivə təşəkkür edib, uşaqlıqdan “Kəpəz” azarkeşi olduğunu deyib. Komandanın çıxışına toxunan paralimpiya çempionu tarixi derbidə “Neftçi” üzərində qələbənin futbolçulara böyük motivasiya verəcəyinə inandığını söyləyib. “Həyat mübarizədir, ruhdan düşmək olmaz”, deyən Xəlilov onu da vurğulayıb ki, idmanla məşğul olduğu 7 il ərzində böyük uğur qazana bilməyib. Amma əzmkarlığı sayəsində indi qarşısına qoyduğu bütün hədəflərə çatıb.

Görüşün sonunda İmaməddin Xəlilova komandanın forması hədiyyə olunub.

İdman.biz