Millətlər Liqası: Azərbaycan başla fərqlənənlər sırasında

Xəbərlər
16 Oktyabr 2024 14:25
331
Millətlər Liqası: Azərbaycan başla fərqlənənlər sırasında

UEFA Millətlər Liqasının ötən 4 turunda müxtəlif komandalar fərqli statistik göstəricilərdə fərqləniblər.

İdman.biz cari mövsümün bütün oyunlarının ümumi statistikasını nəzərdən keçirib.

4 oyuna ən çox – 11 qol İsveç, Rumıniya, İtaliya və Avstriya vurub. Andorra (2 oyuna) və Qazaxıstan isə hələ rəqib qapısına yol tapmayıb. Sağ ayaqla İsveç futbolçuları 9, sol ayaqla İtaliya, Fransa, Yunanıstan, Şimali Makedoniya, Polşa və Portuqaliya təmsilçiləri 4, başla avstriyalılar və islandiyalılar 4 qol vurublar. Başla qol vuranların siyahısında Azərbaycan 2 qolla 3-6-cı yerləri bölüşünlər sırasındadır.

İsveç, Rumıniya və İtaliyanın 11 qolunun hamısı cərimə meydançası daxilindən vurulub. Cərmə meydançası xaricindən isə ən çox Türkiyə fərqlənib – 3 dəfə.

Rumıniya qollarının 4-nü penaltidən vurub.

4 oyuna İsveç futbolçuları rəqib qapılarına 102 zərbə endiriblər. Andorrada (2 oyuna) bu rəqəm cəmi 14-dür. 4 oyun keçirənlər arasında ən az zərbə İsraildədir - 21. İsveçlilərin 38 zərbəsi qapı çərçivəsinə olub. Andorra və San Marino futbolçuları (hər ikisi 2 oyuna) cəmi 4 dəfə bunu bacarıblar. Qeyri-dəqiq zərbələrdə İspaniya “lider”dir – 36. İsveçlilərin 33 zərbəsi bloka alınıb.

Ötürmələrdə portuqaliyalılar daha dəqiq olublar. Onların 91,5 faiz ötürməsi ünvana çatıb. Andorrada bu göstərici cəmi 66 faizdir. Ən çox ötürmə (2928) və dəqiq ötürmə (2644) İngiltərədədir.

Topa sahibolmanın da lideri futbolun yaradıcılarıdır – 68,8%. Estoniya isə topla daha az olub – 38,8%.

Uels futbolçuları 79 cərimə zərbəsi vurublar. Azərbaycan 65 zərbə ilə 7-cidir. Finlər isə 4 oyunda cəmi 32 cərimə zərbəsi vurublar.

Portuqaliya yığması 199 hücum həyata keçirib. 161 hücumla Azərbaycan ilk onluğa daxil ola bilməsə də, xal qazanmayan komanda üçün 54 yığma arasında 11-ci yer diqqəti çəkən məqamdır.

Künc zərbələrini İsveç 37, Estoniya 4 dəfə yerinə yetirib.

Offsayda Kipr, Farer adaları və Türkiyə 11, Norveç cəmi 1 dəfə düşüb.

Ən çox seyv edən Estoniya millisinin qapıçısıdır – 23 dəfə. Azərbaycan 14 seyvlə siyahıda 13-cüdür. Millimiz yalnız İsraildən az qol buraxıb. İsraillilərdə 13 qol 2 qapıçının payına düşür. Millimizdə isə 11 qolun hamısı cari mövsüm Millətlər Liqasının ən çox qol buraxan qapıçısı Mehdi Cənnətovun payındadır. 7 komanda 1 qol buraxıb ki, onlardan İspaniya, Şimali İrlandiya, Şimali Makedoniya və Belarus 4 oyunda minimal sayda top buraxıblar. 10 futbolçu öz qapısına qol vurub ki, onların sırasında Rahil Məmmədov da var.

Lüksemburq futbolçuları ən çox – 72 dəfə fol ediblər. Norveçdə bu rəqəm cəmi 27-dir. Azərbaycan ən az fol edənlərin sırasında 37 folla 8-9-cu yerləri bölüşür. Uelsin (68) 1-ci olduğu follardan əziyyət çəkənlər siyahısında isə Azərbaycan (59) 6-cıdır. Ən az finləri (27) qayda pozuntusu ilə narahat ediblər.

Lüksemburq, Bolqarıstan və Bosniya və Herseqovina futbolçuları 16 dəfə hakimlərdən sarı vərəqə görüblər. Finlərə isə bu cür vərəqə cəmi 3 dəfə göstərilib. 15 komandanın futbolçusu meydandan qovulub ki, İsveçrə və Cəbəllütariqdə belələri 2 nəfərdir.

Vüqar Məmmədov
İdman.biz

Məqalədə: