Ceyhun Sultanov: “Qarabağ”ın Avropa Liqasında məğlub olması mənim üçün normaldır” - VİDEO

Xəbərlər
18 Oktyabr 2024 17:38
317
Ceyhun Sultanov: “Qarabağ”ın Avropa Liqasında məğlub olması mənim üçün normaldır” - VİDEO

“Avropa Liqasında yer alan 36 komanda arasında ən zəif büdcə “Qarabağ”dadır. Səviyyəsinə görə də ən aşağı çempionatlardan biri də Misli Premyer Liqasıdır”.

Bunu “İdman Bizdə”nin qonağı olan Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, son zamanlar “Qarabağ”ın enişdə olmasına münasibət bildirib. Veteran futbolçu Qurban Qurbanovun komandasının Avropa Liqasında nəticələrinin onun üçün normal olduğunu deyib: “Biz “Qarabağ”dan “Ayaks”ı udmağı tələb etməliyik? Avropa Liqasında düşürsənsə keyfiyyət qalxır. Bu gün oyunun taleyini həll edən oyunçu keyfiyyətidir. “Qarabağ” heyətini qorusa da, digər komandalar da yerlərində saymadılar. Bu gün müdafiədə Bədavi Hüseynov və Bəhlul Mustafazadə oynayır. Onlar da bizim millinin əsas futbolçularıdır. Nə gözləmək olar? Biz istəyirik ki, “Qarabağ” “Tottenhem”i udsun? Reallıqla barışmaq lazımdır. Avropa Liqasına düşdünsə, orda keyfiyyət fərqlidir. Ağdam klubu onlarla ayaqlaşmaq üçün öz başından daha da yuxarı tullanıb. “Qarabağ”ın Avropa Liqasında məğlub olması mənim üçün normaldır. “Tottenhem” 9 nəfər də olsa bizi məğlub edəcək. Çünki keyfiyyət, büdcə tamam fərqlidir. Komandamız bizi 1-2 oyun sevindirə bilər. Amma onların da qarşısına daha güclü, səviyyəli komandalar çıxır. Bunu da düşünmək lazımdır”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında növbəti oyununu “Ayaks”a qarşı keçirəcək. Matç oktyabrın 24-ü saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Emin Ağa
İdman.biz