"Uşaqların rəqibdən çəkinməmələrini istəmişdik. İlk hissədə buna nail olduq".
İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.
Gənc mütəxəssis Misli Premyer Liqasının X turunda "Qarabağ"a 0:5 hesabı ilə məğlubiyyəti şərh edib: "Çatışmayan cəhətlərimiz var. Bunların üzərində işləyəcəyik. İkinci hissənin əvvəlində yaratdığımız qol epizodundan istifadə edə bilsəydik, oyun bəlkə də fərqli motivasiyada keçəcəkdi. Hər oyundan-oyuna qazandıqlarımız var. "Qarabağ"ın Avropa Liqasında oynayan heyətinə qarşı çıxış etdik. Rəqibin gücü bəllidir. Deməzdim ki, bizim uşaqlar çəkindilər, qorxdular. Futbolçuda xoşuma gəlməyən cəhət qorxaqlıqdır. Uşaqlar birinci hissədə istədiyim mübarizəni apardılar".
Qeyd edək ki, Gəncə klubu 3 xalla sonuncu pillədə qərarlaşıb.
İdman.biz