Messidən növbəti rekordlar

Xəbərlər
20 Oktyabr 2024 13:51
367
Messidən növbəti rekordlar

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi rekordları qırmaqda davam edir.

İdman.biz xəbər verir ki, ulduz forvard MLS-in daimi mövsümünün son turunda 11 dəqiqəyə het-triki ilə diqqət çəkib.

“Nyu İnqlənd Revoluşn”la (6:2) ilk hissəsi Luis Suaresin dublu ilə 2:2 başa çatın matçda fasilədən sonra son 3 qolu 58-ci dəqiqədə meydana çıxan Messi vurub. Meydana çıxandan 10 dəqiqə sonra fərqlənən argentinalı 11 dəqiqəyə (78, 81, 89) het-trikini rəsmiləşdirib.

37 yaşlı forvard meydana çıxandan 15 saniyə sonra qol ötürməsi ilə də fərqlənib. Doğrudur, 58-ci dəqiqədə fərqlənən Benjamin Kremaskiyə son ötürməni Jordi Alba verib. Ancaq MLS-də sonuncudan əvvəlki ötürmə də qolda mühüm rol oynayırsa hesaba alınır. Nəticədə matçda 3+1 məhsuldarlığı ilə fərqlənən Messi MLS tarixinin yeni rekorduna imza atıb. O, çempionatda meydana sonradan çıxaraq 3+1 nəticəsinə imza atan ilk futbolçu kimi yarışın tarixinə düşüb.

Vurduğu qollar sayəsində Lionel komandasının tarixinə də ən yaxşı bombardir kimi düşüb. İndiyədək “İnter Mayami” formasında ən çox fərqlənmiş futbolçu 98 oyuna 32 qola müəlliflik etmiş ekvadorlu Leonardo Kampanu idi. Argentinalı dünya çempionu isə 36-cı oyununda 33-cü qolunu vurub. Siyahıda 3-cü yerdə 70 oyunda 29 qol vurmuş Qonsalo İquain, 4-cü yerdə 34 oyuna 24 qolu olan Luis Suaresdir.

Son matçda vurduqları qollarla Messi və Suares cari mövsümdəki qollarının sayını 20-yə çatdırdılar. Onlar yalnız çempionatın bombardiri – “Di Si Yunayted”də 23 qolun müəllifi olan Konqo əsilli belçikalı forvard Kristian Bentekedən geri qalırlar.

Messili, Suaresli “İnter Mayami” daimi mövsümü 74 xalla Şərq konfransında 1-ci pillədə başa vurub ki, bu da MLS tarixinin yeni rekordudur.

İdman.biz