Vaqif Cavadov: "Çatışmazlıqları aradan qaldıracağıq"

Xəbərlər
20 Oktyabr 2024 23:14
53
Vaqif Cavadov: "Çatışmazlıqları aradan qaldıracağıq"

"Çox yaxşı başladıq. Oyun ərzində də üstün tərəf biz idik. Sadəcə "Turan Tovuz" fərdi səhvlərimizdən istifadə edib qapıya 4 zərbə endirdi və qollar vurdu".

İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın müvəqqəti baş məşqçisi Vaqif Cavadov deyib.

Gənc mütəxəssis Misli Premyer Liqasının 10-cu turunun "Turan Tovuz"a 2:4 hesablı məğlubiyyəti şərh edib: "Ümumilikdə komandadan razıyam. Futbolçularım yavaş-yavaş fiziki cəhətdən daha da yaxşılaşacaq. İstədiyimiz daha da sürətli futbolun şahidi olacağıq. Bugünkü məğlubiyyət məsuliyyətini mən daşıyıram, futbolçuların heç bir günahı yoxdur. Nəzarət bizdə idi. Şanssızlıq məğlubiyyətə gətirib çıxardı. Samir Abasov ən azından Azərbaycanda sayılıb-seçilən məşqçilərdən biridir. Komandanı tərk edibsə, onun haqda danışmağa ehtiyac duymuram. Etdiyi işlərə görə təşəkkür edirəm. "Sumqayıt" üçün böyük işlər görüb. Ona "Neftçi"də uğurlar arzulayıram. Komandanı bir həftədir ki, götürmüşəm. Bəzi futbolçuların meydanda göstərdiyi performansı....Onu siz də görürüsüzsə, mənim bu haqda danışmağıma ehtiyac yoxdur. Futbol hazırda fiziki güc tələb edir. Bu yöndə çalışacağıq. İnanıram ki, yaxın zamanda çatışmazlıqları aradan qaldıracağıq".

Qeyd edək ki, "Sumqayıt" son 7 turda 6 dəfə uduzub, bir dəfə heç-heçə oynayıb.

İdman.biz